"Çelsi" "Qarabağ"a qarşı ikinci heyəti buraxa bilər - AÇIQLAMA
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda bu gün Bakıda İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək.
Bəs oyun hansı tərəfin üstünlüyü ilə sonlana bilər?
Redaktor.az-la oyun haqqında fikirlərini bölüşən idman jurnalisti Ağa Dadaşzadə bildirdi ki, "Çelsi" yaxşı oyun üslubuna malikdir:
"Eyni zamanda "Çelsi" amansız futbol oynayır. Məqsədləri qələbədir və çox qol vurmaq istəyirlər. 4 qol, 5 qol vurmağa meyillidirlər. Düzdür, nəzərə alsaq ki, İngiltərədən Azərbaycana yol uzaqdır, bu zaman ehtimal var ki, "Çelsi" ikinci heyəti buraxsın".

Müsahibimizin sözlərinə görə, belə anlarda "Çelsi" kimi böyük klubların ikinci heyəti də rəqiblər üçün başağrısı olur.
""Çelsi" həqiqətən güclüdür, son dünya çempionudur və son oyunlarda da çox yaxşı təsir bağışlayıb. Üstünlük hər mənada "Çelsi"nin tərəfindədir. Amma bugünkü oyunda "Qarabağ"dan bir xal gözləmək olar", - deyə Ağa Dadaşzadə yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI













