""Qarabağ” azı bir xalla bu oyunu başa vuracaq" - Etibar İbrahimov
"Bugünkü “Napoli”-“Qarabağ” qarşılaşması həqiqətən də çox çətin olacaq. Çünki “Napoli” İtaliyanın ən tanınmış və ən güclü klublarından biridir. Son illərdə komanda davamlı olaraq yüksəlişdədir. “Qarabağ”ın üstün cəhəti ondan ibarətdir ki, komanda öz fəlsəfəsinə söykənən bir yoldan gedir və öz fəlsəfəsindən heç vaxt geri çəkilmir. Bu isə oyunlarına, həm evdə, həm də səfərdə təsir göstərir. “Qarabağ” həqiqətən də yaxşı çıxış edir. Bəli, “Qarabağ”ın Çempionlar Liqasındakı bu cür çıxışı bir çoxları üçün gözlənilməz oldu, sürpriz yarandı. Lakin əvvəl də dediyim kimi, mənim üçün heç bir sürpriz yoxdur. Çünki “Qarabağ” artıq uzun zamandır işləyən bir mexanizmdir. Bu mexanizm artıq işə düşüb və indi nəticə verməyə başlayıb".
Bu fikirləri Redaktor.az-a "Kəpəz"in keçmiş baş məşqçisi, premyer liqa təcrübəli Etibar İbrahimov bu gecə "Qarabağ" ilə "Napoli" arasında keçiriləcək oyundan gözləntilərindən danışarkən bildirdi.
"“Qarabağ” üçün ən önəmli oyunlardan biri budur. Əvvəlki oyunlar, gələcəkdə keçiriləcək “Ayaks” və “Ayntraxt Frankfurt”la matçlar da vacib olsa da, “Liverpul” və “Napoli” ilə oyundan qazanılacaq xal, komandanın növbəti mərhələyə keçməsi üçün çox böyük şans olacaq. Məncə, “Ayaks” və “Ayntraxt Frankfurt” rəqibləri də çox güclüdür, amma bu ünkü oyun daha önəmli ola bilər. “Napoli” çox müxtəlif taktiki sistemlərlə oynayır. Onlar zaman zaman 4-3-3 sistemində çıxış edirlər, ən çox bu düzəndən istifadə edirlər, amma həmçinin 3-5-2 və 4-1-4-1 sistemlərindən də istifadə edirlər. Xüsusən də 4-1-4-1 sistemi ilə PSJ qarşısında böyük məğlubiyyət almışdılar. Baş məşqçi Antonio Konte İtaliyanın və dünyanın ən tanınmış məşqçilərindəndir".
Müsahibimizin fikrincə, bu gün rəqib komanda 4-3-3 sistemi ilə oynayacaq:
"Nəticəyə gəldikdə isə, əgər “Qarabağ” əks hücumların qarşısını ala biləcəksə – çünki “Napoli” çox yaxşı əks hücumlar qurur, mövqe hücumları da yaxşı inkişaf etdirir və eyni zamanda presinqə tab gətirə biləcəksə, o presinqin altından çıxa biləcəksə, bu halda “Qarabağ” azı bir xalla bu oyunu başa vurmağı bacaracaq".
Xədicə BAXIŞLI













