UEFA İsrailin yarışlardan kənarlaşdırılmasını müzakirə edir

 10:57 02.12.2025     353

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) İsrail komandalarının qurumun təşkil etdiyi turnirlərdən kənarlaşdırılması məsələsini gündəmdə saxlayır.

Redaktor.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Məlumata görə, UEFA son həftələrdə Fələstin tərəfdarı təşəbbüs qrupu Game Over Israel nümayəndələri ilə bir sıra görüşlər keçirib. Görüşlərdə İsrailin yarışlardan uzaqlaşdırılmasının hansı hüquqi mexanizmlərlə və hansı şərtlər altında mümkün ola biləcəyi müzakirə olunub.

İsrailin mümkün diskvalifikasiyası ilə bağlı müzakirələr ilk dəfə sentyabr ayında gündəmə gəlmişdi. 24 sentyabrda məlum olmuşdu ki, UEFA İcraiyyə Komitəsinin 23 sentyabr iclasında məsələ gündəlikdən çıxarılıb.

25 sentyabrda isə qurumun İsrail Futbol Federasiyasının üzvlüyünün dayandırılması ilə bağlı səsverməyə hazırlaşdığı barədə məlumat yayılmışdı. Bildirilirdi ki, UEFA İcraiyyə Komitəsinin 20 üzvündən böyük əksəriyyətinin İsrail komandalarının beynəlxalq turnirlərdən kənarlaşdırılmasının lehinə səs verəcəyi gözlənilir. Lakin daha sonra məsələ ilə bağlı yeni açıqlama verilməyib.

3 oktyabrda isə məlum olub ki, FİFA Şurası İsrailin mümkün diskvalifikasiyasını müzakirə etməyib. Qurum, 2026-cı il dünya çempionatına (ABŞ, Kanada və Meksika) zərər vurmaq istəmədiyini əsas göstərib.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən