Bu komandalar "Qarabağ" üçün güclü sınaq rəqibləridir - AÇIQLAMA
Bildiyimiz kimi, “Qarabağ” bu gün Türkiyədə keçirilən təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşünə çıxacaq.
Ümumilikdə bu tip oyunların keçirilməsində əsas məqsəd nədir?
Redaktor.az-a açıqlamasında idman jurnalisti, ekspert Kənan Məstəliyev bildirdi ki, "Qarabağ"ın təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarının əsas məqsədi komandanın həm qarşıdakı Çempionlar Liqası matçına, həm də ümumilikdə qış fasiləsindən sonrakı çempionatın ikinci yarısına yüksək səviyyədə hazırlaşmasını təmin etməkdir:
"Təlim-məşq toplanışları adətən fasilənin müddətindən asılı olaraq iki və ya üç həftə davam edir. Lakin bu dəfə "Qarabağ" üçün toplanış nisbətən qısa müddətli olacaq. Bunun əsas səbəbi digər komandalardan fərqli olaraq "Qarabağ"ın eyni zamanda Çempionlar Liqasında da iştirak etməsidir. Məhz buna görə fasilə daha qısadır və komanda toplanışı daha intensiv keçirməyə məcburdur. Təlim-məşq toplanışının ilkin mərhələsi Bakıda, komandanın öz bazasında keçirilib. İkinci mərhələ üçün isə Antalya seçilib. Bu seçimin əsas səbəbləri burada həm yüksək səviyyəli məşq şəraitinin olması, həm də güclü sınaq rəqiblərinin mövcudluğudur. Çünki bir çox komandalar da eyni məqsədlə Antalyada toplanış keçirir və əsas heyəti yoxlamaq üçün keyfiyyətli rəqiblərə ehtiyac duyurlar".
Mütəxəssis qeyd etdi ki, "Qarabağ"ın təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı rəqiblər Özbəkistan və Polşa təmsilçiləridir:
"Bu komandalar güclü sınaq rəqibləri hesab olunur. "Qarabağ" bu oyunlarda həm əsas heyəti, həm də ehtiyat qüvvələri sınaqdan keçirmək imkanı əldə edəcək. Bu isə komandanın yanvarın 21-də Bakıda Almaniyanın “Ayntraxt” klubu ilə keçirəcəyi qarşılaşmaya tam hazır və optimal formada çıxmasına şərait yaradacaq".
Xədicə BAXIŞLI













