Bu oyunda kim qələbəni daha çox istəyəcək, o da qalib olacaq - AÇIQLAMA

 19:19 21.01.2026     576

"Bu gün gecə baş tutacaq qarşılaşma "Qarabağ" və "Ayntraxt" komandası üçün son dərəcə vacibdir. “Ayntraxt”ın növbəti mərhələyə yüksəlmək şansı “Qarabağ”dan daha az olduğu üçün onlar qarşıdakı hər iki oyunda qalib gəlməyə məcburdurlar. “Qarabağ” üçün isə bir qələbə kifayətdir. Çox böyük ehtimalla qazanılacaq üç xal komandamızı Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldəcək. Məhz buna görə də bu oyun hər iki komandadan yüksək mübarizəkarlıq tələb edəcək və nə qədər klassik səslənsə də, “meydançanın hər qarışı uğrunda mübarizə” şəraitində keçəcək. Kim bu qələbəni daha çox istəyəcəksə, sonda qalib də o olacaq".

Bu fikirləri Redaktor.az-a açıqlamasında idman jurnalisti, ekspert Kənan Məstəliyev bu gecə Tofiq Bəhramov stadionunda Çempionlar Liqası çərçivəsində "Qarabağ" - "Ayntraxt" oyunundan danışarkən bildirdi.

Onun fikrincə, "Qarabağ"ın “Ayntraxt”ı məğlub etmək şansı var və bu, heç də az deyil:

"Düzdür, “Ayntraxt” güclü komandadır, keyfiyyətli futbolçulardan ibarətdir və Bundesliqa təmsilçisidir. Böyük tarixi olan ciddi rəqibdir. Lakin “Qarabağ” indiyədək bu səviyyədə hətta “Ayntraxt”dan daha güclü komandalarla üz-üzə gəlib, onlara qarşı uğurlu oyunlar keçirib və qələbələr qazanıb. Buna görə də komandamızın bu oyunda real şansı var".

Ekspert əlavə etdi ki, rəqibin heyətində ciddi itkilər mövcuddur, zədəlilərin sayı çoxdur və xüsusilə hücum xəttində problemlər yaşanır:

"Bundan əlavə, baş məşqçi dəyişikliyi olub və komandanın qısa müddətdə toparlanmasında çətinlik yarana bilər. Bu, yeni baş məşqçinin rəhbərliyi altında ilk oyundur və “Qarabağ” bundan yararlana bilər. Digər tərəfdən baş məşqçi dəyişikliyi müəyyən mənada Qurban Qurbanov üçün də çətinlik yarada bilər. O, bunu dünənki mətbuat konfransında da qeyd etmişdi. Komanda uzun müddət əvvəlki baş məşqçinin oyun planına uyğun hazırlaşmışdı. İndi isə yeni baş məşqçinin hansı taktika və prinsiplərlə oynayacağı məlum deyil. Bu da müəyyən çətinlik yaradır. Ancaq düşünürəm ki, bu qeyri-müəyyənlik əsasən oyunun ilk 15-20 dəqiqəsində hiss olunacaq, daha sonra hər şey aydınlaşacaq və oyun öz axarına düşəcək. Ümumilikdə isə hesab edirəm ki, komandamız bu qarşılaşmadan qələbə ilə ayrıla bilər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən