"Əslində, “Neftçi” özünə yox, “Sabah”a işləyir!" - Natiq Muxtarlı

 15:59 06.02.2026     1625

“Qarabağ” klubu “Nyukasl”la Çempionlar Liqasının play-off oyununa daha yaxşı hazırlaşmaq üçün həmin ərəfədə oynanılacaq “Neftçi” ilə oyunun təxirə salınmasını istəyib. Bununla əlaqədar Ağdam klubunun rəhbərliyi Peşəkar Futbol Liqasına müraciət edib. Lakin PFL rəqib “Neftçi”nin razılıq verməməsi səbəbindən oyunu təxirə salmayıb.

Redaktor.az-a danışan idman eksperti Natiq Muxtarlı bildirdi ki, bu məsələdə "Neftçi" ni qınaya bilməz:

""Neftçi’ iddia edir ki, "mən öz maraqlarımı nəzərə alaraq bu qərarı vermişəm". Çünki bizim çempionatda hədəflərimiz var və bu hədəflərdən çıxış edərək belə qərara gəlmişik. Amma əslində "Neftçi"nin çempionatdakı hədəfləri nədir, sözün düzü, mən onu bilmirəm. Amma bütün hallarda "Neftçi" öz hüququndan istifadə edərək buna "yox" cavabı verib. Peşəkarlıq baxımından "Neftçi"yə mənim heç bir iradım yoxdur. Bəziləri mənəvi amilləri, Azərbaycan futbolunun maraqlarını, "Qarabağ"ın Avropada Azərbaycanı təmsil etdiyini nəzərə alaraq bu məsələdə "Neftçi"yə irad bildirə bilər. Amma bu da nisbi yanaşmadır, yəni burada birmənalı fikir bildirmək olmaz. Dünyanın bir çox ölkələrində belə əzəli rəqiblər bir-birlərinə güzəşt etmirlər. Onlar bütün hallarda istəyirlər ki, öz rəqibinin yaralı, hansısa çətin məqamından istifadə etsinlər. "Neftçi" də "Qarabağ"la əzəli rəqib sayılır. Əslində, indiki hazırkı çempionata baxanda burada rəqabətdən — "Neftçi"-"Qarabağ" rəqabətindən söhbət gedə bilməz. Çünki "Neftçi" çempionatda "Qarabağ"a rəqib deyil".

Müsahibimizin sözlərinə görə, eyni addımı "Sabah" atsaydı, onu anlayışla qəbul edə bilərdi:

"Çünki "Sabah" çempionluq uğrunda mübarizə aparır. Çempionluğa əsas iki namizəd varsa, biri "Qarabağ", biri "Sabah"dır. Bütün hallarda "Neftçi"nin çempionluğa heç bir iddiası yoxdur və ola da bilməz. Amma
"Sabah"ın addımını azarkeşlər anlayışla qarşılaya bilərdilər ki, "Sabah" çempion olmaq istəyir və ona görə də "Qarabağ"ın büdrəməsini istəyir. Bunun üçün isə hansı yolla olması onu maraqlandırmır. Komanda çempion olmaq istəyir, qarşısında hədəfi var, bu təbiidir. Amma "Neftçi"nin heç bir çempionluq hədəfi yoxdursa, çempionatda heç bir iddiası yoxdursa, "Qarabağ"a qarşı bu addımı atması əslində bir növ azarkeşlər arasında belə fikir formalaşdırır ki, əslində, "Neftçi" özünə yox, elə "Sabah"a işləyir. Məsələn, "Qarabağ" ola bilməyən "Neftçi" istəyir ki, "Qarabağ" çempionluq taxtından düşsün və bunu "Sabah" qazansın. Amma bütün hallarda onların verdikləri qərar qeyri-qanuni deyil. Yəni bu, onların haqqıdır. Burada başqa bir sual da çıxır ortaya: eyni situasiyada "Neftçi" olsaydı, "Qarabağ" o addımı atardımı? Yəni "Qarabağ" oyunun təxirə salınmasına razı ola bilərdimi? Bu suala da birmənalı cavab vermək mümkün deyil. Amma komandaların dəyərlərini, komandaların Azərbaycan futbolunun inkişafına yanaşma düsturlarını nəzərə alsaq, mən güman edirəm ki, "Qarabağ" "Neftçi"yə güzəştə gedərdi. Amma indiki halda "Neftçi" "Qarabağ"a güzəştə getmirsə, azarkeş onu qınaya bilər, amma mən bir jurnalist, peşəkar kimi onu qınaya bilmərəm. Çünki adamlar öz haqlarından istifadə ediblər. Amma bu addımla kimə xidmət etdiklərini artıq müəyyənləşdirmək lazımdır. Bütün hallarda özlərinə xidmət etmirlər. Çünki "Neftçi" həmin oyunda "Qarabağ"ı udsa da, çempionatda heç nəyə nail ola bilməyəcək".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən