"Qadağa "Qarabağ" azarkeşləri üçün oyunun estetik və maraqlı tərəfini azaldır" - AÇIQLAMA
“Qarabağ” və “Neftçi” futbol klublarının rəhbərliyi azarkeşlər arasında xoşagəlməz halların qarşısını almaq məqsədilə razılığa gəliblər. Qərara əsasən müvəqqəti olaraq rəqib fanat qruplarının stadiona buraxılmayacaq.
Mövzu ilə bağlı Redaktor.az-a danışan AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov qeyd etdi ki, əslində bütün idman növləri, xüsusilə futbol, azarkeşlər üçün oynanılır:
"Azarkeşsiz keçirilən oyun isə oyunun gözəlliyini itirir. Yadınızdadırsa, pandemiya dövründə Çempionlar Liqasının dörddəbir və yarımfinal oyunları azarkeşsiz keçirildi və baxanda, sanki sıravi məşqə bənzəyirdi. Azarkeşlərin iştirakı oyuna canlılıq, enerji və gözəllik qatır. Xüsusilə, iki komandanın azarkeş qrupları qarşı-qarşıya oynayanda, onların komandalarını dəstəkləməsi oyunun ən maraqlı və vacib elementlərindən biridir. Bu baxımdan, hər iki komandanın azarkeşlərinin iştirakı daha məqsədəuyğundur".
Müsahibimiz məsələnin hüquqi tərəfi ilə bağlı isə dəqiq məlumatı olmadığını bildirdi:
"Bilmirəm ki, oyun təşkilatçıları "Qarabağ" azarkeşlərini buraxmama hüququna malikdirmi, yoxsa yox. Əgər belə bir hüquq qanunvericilikdə varsa, artıq buna müdaxilə etmək olmaz. Amma subyektiv fikrim olaraq deyə bilərəm ki, azarkeşlərin buraxılması oyunun keyfiyyəti üçün daha yaxşıdır. Bəli, müəyyən sayda azarkeş qəbul olunarsa, bu da başa düşüləndir. Amma tam qadağa, xüsusilə "Qarabağ" azarkeşləri üçün oyunun estetik və maraqlı tərəfini azaldır. Azarkeşlərin bir-birinə qarşı şüarlar səsləndirməsi, atışmalar etməsi oyuna xüsusi enerji qatır və onu daha baxımlı edir. Məsələnin digər tərəfi də azarkeş qrupunun necə müəyyən ediləcəyi ilə bağlıdır. Əgər sıravi fanatlar və ya sadəcə maraq üçün gələnlər qrup içindədirsə, bu, nəzarəti çətinləşdirir".
Aslan Kərimovun fikrincə, oyunda hər iki komandanın azarkeşlərinin iştirakı oyunun ən baxımlı tərəfini yaradır.
Xədicə BAXIŞLI













