"Qarabağ"ın "Nyukasl"a acı məğlubiyyətinin səbəbləri AÇIQLANDI

 15:14 19.02.2026     482

Ötən gecə "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan "Qarabağ"  1:6 hesabı ilə darmadağınla üzləşib.

"Qarabağ"ın məğlubiyyətindən Redaktor.az-a danışan "CBC Sport" kanalının aparıcısı, tanınmış futbol eksperti Elçin Cəfərov qeyd etdi ki, 1:6 hesabı ilə məğlub olmaq, təbii ki, bir çoxumuz üçün gözlənilməz oldu:

"Yəni məğlub olacağını təxmin etmək olardı, hər iki tərəfin oyun üslubunu və İngiltərə futbolunun "Qarabağ"a tərs gələn xüsusiyyətlərini nəzərə aldıqda məğlubiyyət ehtimalı var idi. Amma biz ən azından "Qarabağ"ın "Çelsi" ilə Bakıdakı matçını izləmişdik və orada komanda daha aqressiv oynamağı bacarırdı. Amma "Nyukasl" dünən çox aqressiv oynadı və xüsusilə ilk dəqiqələrdən meydançanın "Qarabağ"a aid hissəsində yerləşərək basqı qurdu. "Qarabağ"ın müdafiədən topu oyuna daxil etməklə qurduğu oyunu, xüsusilə Medina, Yankoviç və Bikalyo tandemini pozmağı bacardı. Onlar arasındakı bağlantı pozulduqdan sonra istər-istəməz toplar itirildi və nəticə etibarilə rəqib oyunu 30-40 metrlik zonada qurmağı bacardı, axın-axın, dalğa-dalğa hücumlar təşkil etdi. Təbii ki, bunun nəticəsində qollar da vuruldu. Mən düşünürəm ki, bu cür matçlarda ilk 15-20 dəqiqə çox önəmlidir. Əgər "Qarabağ" həmin müddətdə bu basqını qıra bilsəydi, ən azından belə ağır məğlubiyyət olmazdı. Çünki "Nyukasl"ın ilk dəqiqələrdən basqı quraraq hücumlarda fəal iştirak edəcəyi bəlli idi. Sadəcə olaraq biz buna alternativ tapa bilmədik, sürətli düşünə və müdafiə arxasına atılan topları reallaşdıra bilmədik."

Müsahibimiz əlavə etdi ki, rəqib 30-40 metrlik zonada oynayan kollektiv kimi 9 nəfərlə hücumda çoxalırdı və bu da boşluqlar, boş zonalar yaradırdı:

"Sadəcə olaraq biz həmin ötürmələri düzgün edə bilsəydik, müdafiə arxasına atılan sürətli ötürmələrlə təhlükəli epizodlar yarana, Kamilo Duran üçün imkanlar formalaşa bilərdi. Oyunu vaxtında cinahlara yaya bilmədik. Çünki rəqib o qədər basqı qurmuşdu ki, top bağlantısı itəndən sonra istər-istəməz cinah müdafiəçilərinin və yarımmüdafiəçilərin hücuma qoşulmasında problemlər yarandı. Davamlı topsuz oynadığımıza görə oyun balansı da pozuldu. Bütün bunlar məğlubiyyətimizin əsas səbəbləri oldu. Yenə deyirəm, ilk 15-20 dəqiqə həlledici idi və biz bu mərhələni adlaya bilmədik. Amma nə olursa olsun, bu gün "Qarabağ" Azərbaycan futbol tarixinə böyük uğur yazdı. Qurban Qurbanov və komandası təqdirəlayiq iş gördü. Bir çoxları təəssüf hissi keçirir və azarkeş olaraq bunu keçirməlidir də. Amma bu gün bərbad durumda olan, illərdir problemlər içərisində boğulan Azərbaycan futbolunda belə bir komandanın çıxıb Avropanın ən güclü 24 komandası arasında yer alması, Çempionlar Liqası kimi turnirdə iştirak etməsi özü böyük nailiyyətdir. İnşallah, yeni mövsümdən etibarən Qarabağ yenə bu ənənəni davam etdirəcək. Əsas odur ki, komanda adından söz etdirməyi bacardı".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən