"Onları belə aciz gördüyümü xatırlamıram, sanki məktəbli kimi oynadılar” - AÇIQLAMA
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
İlk oyununda dünən İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan "Qarabağ" 1:6 hesabı ilə uduzub.
Redaktor.az-a açıqlamasında idman eksperti Kənan Məstəliyev bildirdi ki, dünən çox üzücü məğlubiyyətlə qarşılaşdıq:
"Çünki “Qarabağ”ı mən nə vaxtsa belə zəif, belə aciz gördüyümü xatırlamıram. Bəli, rəqib güclü idi. İngiltərə Premyer Liqasının adlı-sanlı, köklü klublarından biri idi və daha bahalı heyətə malik idi. Sadəcə bu dərəcədə fərqin – istər hesabda, istərsə də oyun baxımından – olmasını heç cür gözləmək mümkün deyildi. Çünki “Nyukasl” təbii ki, güclüdür, amma bu komanda ilə oynamaq olardı. Oynamaq olardı, amma elə gecələr və elə oyunlar var ki, orada heç nə alınmır. İstər məşqçinin, istər futbolçuların – yəni heç kimin oyunu, işi alınmır. Və həmin axşamlardan biri də dünən axşam idi. Heyətdə çox təcrübəli futbolçular var. Böyük oyunların iştirakçısı olmuş, çox nəhəng klublara qarşı oynamış futbolçular var idi. Məsələn: Medina, Yankoviç, Zubir, Andrade və digərləri. Bu komanda heç də təcrübəsiz deyildi".
Müsahibimiz əlavə etdi ki, "Qarabağ" yaxşı komandadır, təcrübəli futbolçulardan toplanmış komandadır, amma onlar dünən sanki məktəbli kimi oynadılar.
"Sanki rəqiblərindən qorxdularmı, çəkindilərmi, başa düşmək çətindir. Amma burada məsələ təkcə futbolda deyildi. Öz performanslarını nümayiş etdirə bilmədilər. Bunu daha çox psixoloji amillərlə izah etmək olar. Eyni zamanda rəqibin futbolçularının yüksək keyfiyyəti də öz sözünü dedi. Onlar ələ düşən şanslardan maksimum yararlandılar. Bu, UEFA Çempionlar Liqasının pley-off mərhələsidir. Burada sənin bir yox, yarım şansını da heç kim bağışlamır. Ona görə diqqətli olmaq lazımdır. Tur demək olar ki, bitdi. Cavab görüşü var, amma orada heç nəyə ümid etmək olmaz. Bura qədərmiş. Azərbaycan futbolunun fəxri olan "Qarabağ" yarışı dayandırır. Amma buna üzülməyə dəyməz, bu normaldır. Məğlubiyyətlər olur, olası şeylərdir. Əsas olan bu məğlubiyyətdən nəticə çıxarmaqdır – ölkə futbolu olaraq nəticə çıxarmaqdır. Çempionatımızı, uşaq futbolunu, infrastrukturumuzu düzəltməliyik. Ümumilikdə ölkə olaraq futbolumuzu inkişaf etdirməliyik. O zaman biz bir neçə ildən sonra belə komandalara qarşı daha rahat və daha inamlı oynaya biləcəyik", - deyə Kənan Məstəliyev yekunlaşdırdı.
Xədicə BAXIŞLI













