""Qarabağ" İngiltərədən layiqli nəticə ilə ayrıla bilər" - Ekspertdən PROQNOZ
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Nyukasl”a qarşı keçirəcəyi cavab oyunu bu gün Bakı vaxtı ilə 00:00-da start götürəcək.
Oyunla bağlı fikirlərini Redaktor.az-la bölüşən idman jurnalisti, ekspert Kənan Məstəliyev bildirdi ki, baş tutacaq qarşılaşma həqiqətən də çox çətindir:
"Rəqib psixoloji üstünlük, oyun keyfiyyəti və meydan amili baxımından üstün görünür. Bütün komponentlər üzrə favorit tərəf “Nyukasl”dır. Heyət dərinliyi, fiziki güc və oyun tempi baxımından rəqib kifayət qədər güclüdür və üstün tərəf kimi qiymətləndirilir. Belə bir şəraitdə “Qarabağ”ın əsas vəzifəsi tarixi mövsümü layiqli şəkildə başa vurmaqdır. Bu oyunda məğlubiyyət də mümkündür, hətta böyük hesablı məğlubiyyət ehtimalı da istisna deyil. Lakin əsas məsələ nəticədən çox meydanda göstərilən mübarizə ruhudur".
Ekspert hesab edir ki, komandamız sona qədər döyüşkənlik nümayiş etdirməli və yarışdan başıuca ayrılmalıdır.
"İlk qarşılaşma göstərdi ki, “Nyukasl” yüksək pressinq tətbiq edən, dinamik və qələbəyə motivasiyalı komandadır. Daxili çempionatda istədikləri nəticələri əldə etməsələr belə, Çempionlar Liqasında bunu kompensasiya etməyə çalışırlar və bu turnirdə maksimum nəticə qazanmaq üçün ciddi istək nümayiş etdirirlər. “Qarabağ” üçün əsas plan ehtiyatlı və intizamlı oyun qurmaq, xüsusilə müdafiədə etibarlı çıxış etmək və əks-hücumlarda yaranacaq imkanlardan maksimum yararlanmaq olmalıdır. Bu strategiya düzgün icra olunarsa, komanda İngiltərədən layiqli nəticə ilə ayrıla bilər".
K.Məstəliyev vurğuladı ki, nəticənin necə olmasından asılı olmayaraq, “Qarabağ”a bu mövsüm üçün təşəkkür düşür.
"Komanda Azərbaycan futbol tarixində ən uğurlu mövsümlərdən birini keçirib. Böyük qələbələr, mühüm nailiyyətlər və tarixdə ilk dəfə liqa mərhələsindən pley-offa yüksəlmək artıq özlüyündə böyük uğurdur. Bu mərhələdən sonra “Qarabağ”ın itirəcəyi heç nə yoxdur. Əsas olan meydanda sonadək mübarizə aparmaq və Çempionlar Liqası yarışından layiqli şəkildə ayrılmaqdır. Komandamıza uğurlar!", - deyə müsahibimiz yekunlaşdırdı.
Xədicə BAXIŞLI













