"Türkiyə millisi qrupu lider bitirə bilər" - Ekspertdən iddialı PROQNOZ
"Türkiyə milli komandasını əvvəlcə bir azərbaycanlı kimi, bir türk olaraq təbrik edirəm. Üzümüzü güldürdülər, dünya çempionatına vəsiqə qazandılar. Açığı, çox ehtiyat edirdim, çünki oyun Kosovoda idi və cəmi bir oyundan ibarət idi. Dünya çempionatına vəsiqə qazanmaq üçün bu oyunu hökmən qalib başa vurmaq lazım idi. Buna baxmayaraq, türklər lazım olan işin öhdəsindən gəldilər".
Bu fikirləri idman jurnalisti Orxan Sübhan Redaktor.az-a açıqlamasında Türkiyə millisinin DÇ-2026-da rəqiblərinə qarşı şanslarını dəyərləndirərkən dedi. O əlavə etdi ki, hazırda Türkiyə millisinin çox güclü heyəti var:
"Təsəvvür edin, Arda Gülər "Real Madrid"də, Kənan Yıldız "Yuventus"da, Hakan Çalhanoğlu isə "İnter Milan"da çıxış edir. Avropanın aparıcı klublarında türkiyəli futbolçular oynayır. Üstəlik, adını sadaladığım bu üç oyunçudan ikisinin yaşı çox azdır. Bu isə onu deməyə əsas verir ki, onların potensialı daha böyükdür və gələcəkdə daha böyük uğurlar qazana bilərlər. Bu potensial dünya çempionatında da özünü göstərə bilər. Rəqiblərə baxanda isə görünür ki, onlar nə Braziliyadır, nə Argentinadır, nə Fransadır, nə də İspaniyadır. Yəni ən azı qrupu lider kimi başa vurmaq mümkündür. Hesab edirəm ki, türklərin bu səviyyəyə gəlib çıxmasının əsas səbəbi milli ruhdur. Açığını deyim, onlara baş məşqçi olaraq nə Vinçenzo Montella, nə də başqa biri həlledici amil deyil. Türklər bu gün milli ruhun hesabına bu səviyyəyə yüksəliblər. Onlar meydana çıxanda Türkiyədə yaşayan 85 milyon insan üçün mübarizə aparırlar. Əllərindən gələni yox, ayaqlarından gələn ən yaxşısını etməyə çalışırlar ki, daha yaxşı nəticə göstərib bütün türk dünyasını sevindirsinlər. Bu səbəbdən türklərin bu qrupu ən azı lider kimi başa vuracağını gözləyirəm. Bir daha təbrik edirəm. Bu, təkcə Türkiyənin deyil, bütün türk dünyasının qələbəsidir".
Qeyd edək ki, 2026-cı ilin iyun-iyul aylarında keçiriləcək futbol üzrə dünya çempionatında Türkiyənin qrup mərhələsindəki rəqibləri ABŞ, Paraqvay və Avstraliya komandalarıdır.
Nuriyyə NATİQQIZI













