"Qırmızı vərəqə və son saniyədəki penalti epizodu bütün gedişatı pozdu" - İdman eksperti

 19:22 23.04.2026     440

Xəbər verdiyimiz kimi, dünən yarımfinal mərhələsinin cavab oyununda  “Qarabağ”ı qəbul edən "Sabah" 2:1 hesabı ilə qələbə qazanıb. Beləliklə, futbol üzrə Azərbaycan Kubokunda ikinci finala yüksələn komanda “Sabah” olub. 

Lakin oyun zamanı izləyicilər və oyunçular arasında narazılıqlar da var idi. Narazılıqlar səbəbindən münaqişələrin də olması qaçılmaz olub. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan idman eksperti Kənan Məstəliyev bildirdi ki, dünən özü də matçda olub və oyunu canlı izləyib.

"Matçı stadiondan canlı izləyirdim. Ümumilikdə, baş hakim Rəvan Həmzəzadə iki mübahisəli epizodu çıxmaq şərtilə oyunu çox yaxşı idarə edirdi. O, qarşılaşmanın gərginliyinin və sürətinin azalmasına imkan vermir, dinamikanı qoruyub saxlayırdı. Lakin "Qarabağ"ın qapıçısına verilən qırmızı vərəqə və son saniyədəki penalti epizodu bütün gedişatı pozdu. Xüsusilə penalti epizodunda hakimin qərarı mənim üçün anlaşılmaz qaldı".

Müsahibimizin fikrincə, o epizodda penalti verilməli idi:

"Kamerunlu oyunçunun zərbəsi zamanı "Sabah"ın futbolçusu Belkeviçin əli təbii vəziyyətdə deyildi, bədəndən aralı idi. Belə olan halda penalti təyin edilməliydi lakin, hakim fərqli qərar verdi və vəziyyət gərginləşdi. Bu, çox böyük səhv idi. Nəticədə "Qarabağ" oyunu ən azı əlavə vaxta aparmaq şansını itirdi".

Ekspert əlavə etdi ki, matçdan sonra yaranan gərginliyin və baş verən hadisələrin əsas səbəbi məhz bu qərar idi.

"Bununla belə, hakimə qarşı fiziki və ya mənəvi təzyiq göstərən futbolçuların və klub rəsmilərinin addımlarını doğru hesab etmirəm. Futbolçuların bu hərəkətləri bir növ tərbiyəsizlik və böyük qəbahətdir. Qərarın nə dərəcədə səhv olmasından asılı olmayaraq, hakimə qarşı bu cür davranışlar yolverilməzdir və mən bu addımları qətiyyətlə pisləyirəm. Oyunun özünə gəldikdə isə, qarşılaşma olduqca maraqlı keçdi. Azərbaycan çempionatında nadir hallarda rast gəlinən dolu tribunalar və möhtəşəm futbol ab-havası var idi. Hər iki komanda müdafiəyə qapanmaq əvəzinə, hücum futboluna üstünlük verirdi. Hətta "Qarabağ" 10 nəfərlə qaldıqdan sonra müdafiəyə çəkilməyə məcbur olsa da, hesabı açan tərəf məhz onlar oldu", - deyə Kənan Məstəliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən