Azərbaycanın idman zəfərləri qalib dövlət fəlsəfəsinin tərkib hissəsidir - Günay Ağamalı

 17:06 05.05.2026     912

"Azərbaycan idmanının zəfər salnaməsində güləş növlərinin hər zaman müstəsna yeri və xüsusi çəkisi olub. Milli idman növümüz sayılan güləşin bu gün ölkəmizdə ulu babalarımızdan miras qalan böyük ənənələr üzərində daha da inkişaf etməsi, gənc nəslin bu sahəyə böyük maraq göstərməsi dövlətin apardığı ardıcıl və məqsədyönlü siyasətin əyani sübutudur. Prezident İlham Əliyevin Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında parlaq qələbə qazanaraq çempion olan güləşçilərimizi qəbul etməsi, dövlət başçısının idmana və idmançıya verdiyi yüksək dəyərlərdən xəbər verir. Görüşdə səslənən fikirlər göstərir ki, Azərbaycanın ümumi inkişaf dinamikasının, milli vətənpərvərlik ruhunun və gələcək hədəflərin strateji xəritəsi mövcuddur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı səsləndirdi.

O, əlavə etdi ki, milli komandamızın Avropa çempionatında qazandığı tarixi nailiyyət bütün Azərbaycan xalqını qürurlandıran hadisədir:

"Güləşçilərimizin qitənin ən güclü komandası olduğunu bir daha sübut etməsi, xüsusən həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında birinci yerə yüksəlməsi idman tariximizdə müstəsna əhəmiyyət kəsb edir. Müasir dövrdə dünyada və Avropada güləş üzrə mübarizənin misli görünməmiş dərəcədə gərginləşdiyi, rəqabətin artdığı bir şəraitdə bu zirvəni fəth etmək idmançılarımızın yüksək peşəkarlığından və qələbə əzmindən xəbər verir. İdmançılarımızın rəqiblərini ən gərgin döyüşlərdə, ədalətli mübarizədə məğlub etməsi  qazanılan hər bir medalın dəyərini daha da artırır. Bütün uğurlar həm də onu göstərir ki, Azərbaycanda güləş ənənələri nəinki qorunub saxlanılır, eyni zamanda müasir metodlarla daha da zənginləşdirilir".

Millət vəkilinin sözlərinə görə, güləşdə əldə edilən davamlı uğurların arxasında düzgün qurulmuş məşq prosesi və istedadların müəyyənləşdirilməsi işi dayanır:

"Təcrübəli çempionlarla yanaşı, gənc idmançıların da mötəbər kürsülərə qalxması nəsillər arasındakı qırılmaz əlaqənin və varisliyin sübutudur. Federasiya rəhbərliyində və məşqçi heyətində vaxtilə beynəlxalq arenalarda bayrağımızı ucaltmış Olimpiya, dünya və Avropa çempionlarının təmsil olunması idmanda institusional yaddaşın qorunmasına xidmət edir. Bir zamanlar İlham Əliyevin xüsusi maraq və diqqətlə izlədiyi idmançıların bu gün ustad məşqçi kimi yeni çempionlar yetişdirməsi Azərbaycan idmanının davamlı inkişafını təmin edən əsas amillərdən biridir. Xüsusilə bölgələrdə fəaliyyət göstərən Olimpiya İdman kompleksləri və güləş zallarının imkanlarından maksimum yararlanaraq gənc istedadların aşkar edilməsi gələcək zəfərlərin sarsılmaz bünövrəsidir. İdman uğurları həm də cəmiyyətin mənəvi sağlamlığının və vətənpərvərlik ruhunun yüksəldilməsinin vacib amilidir. Beynəlxalq yarışlarda üçrəngli, əzəmətli bayrağımızın qaldırılması və himnimizin səsləndirilməsi hər bir azərbaycanlıda milli qürur hissi oyadır".

Müsahibimiz qeyd etdi ki, idmanda qazanılan qələbələr böyüməkdə olan gənc nəsli vətənə sevgi ruhunda tərbiyə edir və onları sağlam həyat tərzinə sövq edir:

"Eyni zamanda qadın güləşinin ölkəmizdə populyarlaşması və qızlarımızın medalçılar siyahısında yer alması sevindirici haldır. Sözügedən sahədə kütləviliyin artması yaxın gələcəkdə qadın güləşçilərimizin də ən yüksək əyarlı medallara sahib olacağına böyük inam yaradır. Milli komanda daxilindəki sağlam mühit, idmançıların bir ailə kimi bir-birinin uğuruna sevinməsi komanda ruhunun nə qədər güclü olduğunu nümayiş etdirir. Azərbaycanın idman dövləti kimi formalaşan nüfuzu həm qazanılan uğurlarda, həm də beynəlxalq yarışların nümunəvi təşkili ilə özünü göstərir. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və regionlarda keçirilən MDB Oyunları ölkəmizin bu sahədəki nəhəng potensialını və təcrübəsini dünyaya nümayiş etdirir. İdmana verilən yüksək dəyər Azərbaycanın qalib dövlət fəlsəfəsinin və qalib xalq ruhunun daha da güclənməsinə xidmət edir. Bu gün müstəqil Azərbaycanın idmançısı həm öz fiziki gücünü, həm də milli ləyaqətini təmsil edir.

Mühüm məqamlardan biri də idmançıların cəmiyyətdəki davranış modelidir. Tanınmış çempionların arenalardakı zəfərləri ilə bərabər, gündəlik həyatda və məişətdə nümayiş etdirdikləri ləyaqətli davranışlar, yüksək mənəvi keyfiyyətlər qazanılan medallar qədər vacibdir".

G. Ağamalı beynəlxalq yarışlarda rast gəlinən hakim ədalətsizliyi, qərəzli münasibəti fonunda soyuqqanlılığı və ləyaqəti qorumağın əsl idmançı xarakterinin göstəricisi olduğunu vurğuladı:

"Azərbaycan idmançıları hər zaman bütün ali prinsiplərə sadiq qalaraq, həm xalça üzərində, həm də ondan kənarda nümunəvi vətəndaş kimi tanınırlar. Otuz ilə yaxındır ki, Milli Olimpiya Komitəsinə rəhbərlik edən İlham Əliyevin rəhbərliyi ilə formalaşan ənənə  Azərbaycan idmanının gələcəkdə də yeni zirvələri fəth edəcəyinə və xalqımıza hələ çox qələbə sevincləri bəxş edəcəyinə tam təminat verir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən