""Bavariya" bir addım öndədir və qələbəyə daha yaxın tərəfdir" - Ekspertdən PROQNOZ
Bu gecə UEFA Çempionlar Liqasında növbəti finalçı bəlli olacaq. Yarımfinal mərhələsinin cavab oyununda Fransanın PSJ klubu Almaniyada “Bavariya”nın qonağı olacaq.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun fransızların 5:4 hesablı qələbəsi ilə başa çatıb. Bəs bugünkü oyundan hansı gözləntilər var? "Arsenal"ın finaldakı rəqibi hansı klub olacaq?
Mövzu ilə bağlı Redaktor.az-a danışan idman eksperti Kənan Məstəliyev bildirdi ki, axşam bizi gərgin mübarizədə keçəcək qarşılaşma gözləyir:
"Birinci matçdakı 5:4 hesabı tərəflərin nə qədər iddialı olduqlarını, qalib gəlmək istədiklərini göstərdi. Oyun qarşılıqlı hücumlar əsasında keçdi. Hətta 5:2 hesabı ilə geridə olmasına baxmayaraq, "Bavariya" geri çəkilmədi, dayanmadı və özünə lazım olan iki qolu vuraraq minimal hesabla məğlub oldu, cavab qarşılaşması üçün isə bir şans saxladı".
Ekspert qeyd etdi ki, oyun "Bavariya"nın meydançasında - Münhendə, "Allianz Arena"da keçiriləcək və bu arenada qalib gəlmək, buradan turu keçmək dünyanın istənilən komandası üçün çətindir.
"Düzdür, "Paris Sen-Jermen" Çempionlar Liqasının son qalibidir, çox güclü komandadır və çox yaxşı məşqçi olan Luis Enrikenin rəhbərlik etdiyi kollektivdir. Yəni hər mənada çox güclü və təhlükəlidirlər. Amma "Bavariya" da öz evində oynayır. Düşünürəm ki, meydan amilini, azarkeş dəstəyini və komandanın istəkli olduğunu nəzərə alsaq, "Bavariya" bir addım öndədir və qələbəyə daha yaxın tərəfdir. Belə bir vəziyyət də yarana bilər ki, oyun əlavə vaxta, hətta penaltilərə qədər uzansın. Bu halda da meydan amili və fiziki hazırlıq üstünlüyü "Bavariya"nın xeyrinə işləyə bilər. Ona görə də düşünürəm ki, proqnoz olaraq "Bavariya"nın qələbəsini seçmək olar", - deyə müsahibimiz vurğuladı.
Xədicə BAXIŞLI













