Mourinyo yenidən “Real Madrid”ə QAYIDIR?

 10:48 11.05.2026     331

Portuqaliyalı mütəxəssis Joze Mourinyo mövsüm başa çatdıqdan sonra Real Madridin baş məşqçisi təyin oluna bilər.

Redaktor.az xəbər verir ki, bu barədə COPE radiosu məlumat yayıb.

Məlumatda Madrid klubunun İspaniya çempionatının son turundan sonra Mourinyonun təyinatını rəsmi şəkildə açıqlamağa hazırlaşdığı qeyd olunub. Tərəflər arasında müqavilənin müddəti isə hələ açıqlanmayıb.

Türkiyəli jurnalist Yağız Sabunçoğlunun sözlərinə görə, Benfika mayın 17-də Portuqaliya çempionatında son oyununu keçirdikdən sonra Mourinyo ilə yolları ayırmağa hazırdır. Bildirilir ki, “Real Madrid” məşqçinin transferi üçün 6 milyon avro ödəyəcək.

63 yaşlı Mourinyo daha əvvəl 2010-2013-cü illərdə “Real Madrid”i çalışdırıb və komandanı İspaniya çempionluğu, ölkə kuboku və Superkubok zəfərlərinə daşıyıb.

Portuqaliyalı mütəxəssis karyerası ərzində Porto, Çelsi, Mançester Yunayted, Tottenhem, İnter, Roma və Fənərbaxça kimi klublarda da çalışıb.

Mourinyo futbol tarixində iki fərqli klubla UEFA Çempionlar Liqasını qazanan altı məşqçidən biri hesab olunur. O, bu uğura “Porto” və “İnter”lə imza atıb. Bundan əlavə, portuqaliyalı məşqçi Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasını qazanan ilk baş məşqçi kimi tarixə düşüb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən