"Real"ın prezidentindən qalmaqallı açıqlama: “7 çempionluğumuzu əlimizdən alıblar”

 22:49 12.05.2026     603

İspaniyanın "Real Madrid" futbol klubunun prezidenti Florentino Peres bu gün keçirdiyi mətbuat konfransında həm klubun gələcəyi, həm də son dövrlərdə gündəmdə olan məsələlərlə bağlı diqqətçəkən açıqlamalar verib.

Redaktor.az klubun rəsmi saytına istinadla xəbər verir ki, 79 yaşlı funksioner istefa verəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib və səhhəti ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini bildirib. Peres həmçinin növbədənkənar prezident seçkilərinin keçiriləcəyini açıqlayıb və yenidən namizəd olacağını təsdiqləyib.

Klub prezidenti seçki prosesinin başladılması üçün Seçki Komissiyasına müraciət etdiyini və hazırkı rəhbərliyin seçkilərdə iştirak edəcəyini qeyd edib.

“Real Madrid” prezidenti çıxışında mövsümün nəticələrinə də toxunub. O, komandanın həm La Liqada, həm də UEFA Çempionlar Liqasında gözləntiləri tam doğrultmadığını qəbul etsə də, klubun iqtisadi və idman baxımından dünyanın ən böyük futbol brendlərindən biri olaraq qaldığını bildirib.

Peresin çıxışında ən çox diqqət çəkən məqamlardan biri isə “Neqreyra işi” ilə bağlı fikirləri olub. O, bu hadisəni “futbol tarixinin ən ciddi qalmaqallarından biri” adlandırıb və məsələ ilə bağlı UEFA-ya yenidən sənədlər göndərəcəklərini açıqlayıb.

Prezident La Liqa rəhbərliyinə qarşı da sərt ittihamlar səsləndirib. Peres bəzi hakim qərarlarının illər ərzində “Real Madrid”in əleyhinə olduğunu iddia edib. O bildirib ki, rəhbərliyi dövründə klubun daha çox çempionluq qazanmaq haqqı olub:

“Mən hesab edirəm ki, bu müddətdə 14 La Liqa titulu qazanmalı idik. Ən azı yeddi çempionluq müxtəlif səbəblərdən əlimizdən alınıb”.

Təcrübəli funksioner əlavə edib ki, La Liqanın hazırkı idarəetmə sistemi “Real Madrid”ə qarşı ədalətli münasibət sərgiləmir. Bununla yanaşı, o, klubun hüquqlarını qorumaq üçün bütün mümkün addımların atılacağını vurğulayıb.

Peres çıxışı zamanı İspaniyanın “ABC” nəşrində son dövrlərdə klub və rəhbərlik əleyhinə dərc olunan materiallara da münasibət bildirib. O, bəzi media qurumlarının “Real Madrid”ə qarşı məqsədli kampaniya apardığını iddia edib və yayılan məlumatların bir qisminin həqiqəti əks etdirmədiyini söyləyib.

Mətbuat konfransı zamanı Peres media nümayəndələri ilə də bir neçə dəfə gərgin dialoq yaşayıb. Buna baxmayaraq, o, klubun gələcəyinə inandığını bildirib və “Santyaqo Bernabeu” stadionunun yenidən qurulması layihəsinin, eləcə də klubun beynəlxalq inkişaf strategiyasının davam etdiyini qeyd edib.

“Real Madrid” prezidentinin bu açıqlamaları İspaniya futbolunda geniş rezonans doğurub. Xüsusilə “Neqreyra işi” və La Liqa rəhbərliyi ilə bağlı səsləndirilən fikirlərin qarşıdakı günlərdə də müzakirə olunacağı gözlənilir.

Xatırladaq ki, La Liqanın 35-ci turunda "Barselona" "Real Madrid"i 2:0 hesabı ilə məğlub edərək ölkə çempionu olub. 

İlham İBRAHİMOV

 

Vumart və Güvən reklamı Vumart Güvən