"İdmançılarımız dünya idman ictimaiyyətində öz sözlərini deyirlər" - Deputat
"Dünən minifutbol üzrə millimiz Avropa çempionu oldu. Bu uğur həqiqətən də hər birimizi qürurlandırdı və sevindirdi. Fürsətdən istifadə edərək komandanı və komanda rəhbərliyini bu böyük nailiyyət münasibətilə təbrik edirəm. Bilirsiniz ki, bundan əvvəl, yəni keçən il minifutbol üzrə millimiz dünya çempionluğu qazanmışdı. Onlara gələcəkdə də uğurlar arzulayır, daim zirvələrdə olmalarını diləyirəm".
Bu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin gənclər və idman komitəsinin üzvü Göydəniz Qəhrəmanov bildirdi.
Onun sözlərinə görə, dövlət başçısı tərəfindən idman sahəsinə böyük diqqət və dəstək göstərilir:
"İdmançılarımız ildən-ilə qazandıqları medalların sayını artıraraq dünya idman ictimaiyyətində öz sözlərini deyirlər. Həmçinin ölkəmizdə hər il beynəlxalq turnirlər, dünya və Avropa çempionatları təşkil olunur və keçirilir. Bu da dövlətimizin idman sahəsinə xüsusi diqqət ayırdığının göstəricisidir. Ümumiyyətlə, idman sahəsində fəaliyyət göstərən vətəndaşlarımız bu istiqamətdə çox böyük nailiyyətlər əldə ediblər. Bilirsiniz ki, Olimpiya, dünya və Avropa çempionlarımız var. Bu günlərdə minifutbol üzrə millimizin qazandığı uğur da hər birimizi sevindirir. Onların nümayiş etdirdiyi nəticələr, sözsüz ki, qürurvericidir. Düşünürəm ki, gələcəkdə də bu nailiyyətlərin sayının artmasının və idmançılarımızın yeni uğurlarının şahidi olacağıq".
Xədicə BAXIŞLI













