Təhsil ekspertləri DÇ-2026-da hansı komandaya azarkeşlik edəcəklər? - SORĞU

 14:25 11.06.2026     497

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il furbol üzrə dünya çempionatı bu gün start götürür.

Bəs təhsil ekpsertləri hansı komandaya azərkeşlik edəcək?

Təhsil eksperti Məzahir Məmmədli Redaktor.az-a açıqlamasında qeyd etdi ki, futbola xüsusi azarkeşliyi yoxdur:

"Amma həm yerli klubların Avropa səviyyəli oyunlarına ciddi azarkeşlik edirəm, həm də dünya çempionatında azarkeşlik etdiyim komandalardan biri Türkiyə olacaq. Könül istərdi ki, Türkiyə bu çempionatda qalib olsun, heç olmasa ilk üçlüyə və ya beşliyə qədər gəlib çıxsın. Amma təəssüf ki, buna ümidlərim azdır. Türkiyədən başqa mənim üçün önəm kəsb edən ölkə yoxdur. Ancaq elə düşünürəm ki, bu ilin çempionu yəqin ki, Avropa ölkələrindən biri olar. Əsasən də elə bilirəm ki, İngiltərə çempion ola bilər".

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov bildirdi ki, çempionatı sevərək izləyəcək:

"Uşaqlıqdan qəlbimdə xüsusi yeri olan, yüksək texnikası, unikal oyun strategiyası, peşəkarlığı və zəngin ənənələri ilə fərqlənən komandama azarkeşlik edəcəm. Bu, Braziliya komandasıdır. Estetik oyunun möhtəşəm tarixi ilə seçilən Braziliya yığma komandası, əlbəttə ki, mənim favoritimdir və ənənəyə sadiq qalaraq bu il də mən Braziliya komandasına azarkeşliyimi davam etdirəcəm".

Təhsil eksperti Ramin Nurəliyev isə bildirdi ki, Türkiyənin kəskin fanatıdır:

"İnşallah, Allah nəsib edər, Türkiyə finalda olar. Bu, birmənalı olaraq arzumdur. Amma bir az çətin görünür, çünki həqiqətən ciddi favoritlər var. Türkiyədən sonra ehtimal etdiyim komanda İspaniyadır. Yəni çempion ola biləcək ehtimal etdiyim komanda İspaniyadır. Amma arzulayardım ki, Türkiyə olsun".

AzEdu Təhsil Platformasının icraçı direktoru, elm və təhsil məsələləri üzrə mütəxəssis Elmin Nuri də fikrini bildirdi:

"Dünya çempionatında sözsüz ki, qardaş Türkiyə yığma komandasına azarkeşlik edəcəyəm. İstəyim budur ki, Türkiyə millisi ən azı yarımfinal mərhələsinə qədər — turnirin sonuna qədər mübarizə aparsın. Çünki mundialı tərk etsə, şəxsən mənim dünya çempionatına baxmaq marağım bir xeyli azalacaq. Doğrudur, Argentina millisinin də oyunlarını izləyəcəyəm. Amma orta səviyyəli iki yığmanın oyunlarını izləmək şəxsən mənə görə vaxt itkisi olacaq. Amma bu məsələdə də bir istisnam var: Özbəkistan millisi. Türkdilli və tarixi baxımdan yaxın dövlət olan Özbəkistanın oyunlarını xüsusi maraqla izləyəcəyəm".

Elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi də qeyd etdi ki, bir neçə komanda diqqətindədir:

"2002-ci ildən etibarən daha çox Türkiyə yığmasını dəstəkləyirəm. Həmin ildə Türkiyə üçüncülüyü qazanmışdı. Ondan əvvəlki dövrdə isə futbol sevgisinin yaranması birbaşa Braziliya yığması, o cümlədən futbolçu Ronaldo Nazario ilə bağlı idi. Amma 2026 Dünya Çempionatında ilk növbədə, təbii ki, üstünlüyü türk dilli dövlətlərdən Türkiyə və o cümlədən Özbəkistana verirəm, daha çox onları dəstəkləyirəm. Çempion olmaq iddiası yüksək olan komandalarıma gəldikdə isə, bunlar əsasən Argentina, o cümlədən İspaniya və İngiltərə komandalarıdır. Təbii ki, bu üç ölkə daha çox favorit komandalarımdır. Amma aralarında da təbii ki, ya Argentina, ya da İspaniyanın çempion olmağını düşünürəm ki, real ola bilər. Amma könül təbii ki, ya Türkiyənin, ya da Özbəkistanın çempion olmasını istəyir. Türkiyə və Özbəkistanı müqayisə etsək, daha çox potensial imkan Türkiyədədir. Türkiyə milli yığmasını düşünürəm ki, çempion olmaq istiqamətində ən azı müəyyən qədər də olsa şanslı hesab etmək olar. Amma əlbəttə ki, favorit komandalarım əsasən Argentina və İspaniyadır. Əsas bu iki komandaya əlavə olaraq azarkeşlik edəcəyəm, bir də İngiltərəyə. Ümumilikdə  təbii ki, baxımlı oyun əsas vacib komponentdir. Müdafiə futbolu oynayan komandalar qətiyyən xoşagələn vəziyyət yaratmırlar. Əsasən hücum futbolu oynayan və ağıllı taktika üzərində qurulan oyunlara, eləcə də bu oyunları nümayiş etdirən komandalara daha çox diqqət yetirəcəyik".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən