Dünya Çempionatını kim qazanacaq? - İdman jurnalistləri favoritləri AÇIQLADI
Bildiyimiz kimi, bu gün futbol üzrə 2026-cı il dünya çempionatı start götürür.
Bəs idman ekspertləri dünya çempionatında hansı komandaları dəstəkləyəcəklər?
"CBC Sport"un aparıcı eksperti Elçin Cəfərov Redaktor.az-a bildirdi ki, dünya çempionatı artıq başlayıb və futbol bayramı bütün dünyanı öz təsiri altına alıb:
"Təbii ki, bütün dünyanın nəbzi bu dünya çempionatı ilə döyünəcək. Azərbaycanda isə bu mundialı daha maraqlı edən iki amil var: Türkiyə və Özbəkistan faktorları. Türkdilli dövlətlərin iştirakı bizə əlavə maraq və motivasiya verir. Əlbəttə, çox istərdik ki, Azərbaycan da bu turnirdə iştirak etsin. Amma hələlik bu, bizim üçün bir xəyal olaraq qalır. Bu fonda təbii ki, Türkiyə və Özbəkistan yığmalarına azarkeşlik edəcəyik.
Mundial öncəsi proqnoz vermək asandır. Ancaq daha detallı və düzgün təhlil aparmaq üçün qrup mərhələsinin ilk oyunlarının başa çatmasını gözləmək lazımdır. Çünki ilk matçlardan sonra hansı kollektivlərin daha hazırlıqlı olduğu, oyun planlarında hansı üstünlüklərə malik olduqları barədə müəyyən təsəvvür formalaşır".

Ekspertimizin favoritləri Fransa və İspaniya yığmalarıdır:
"Hər iki kollektivin oyunçu heyəti çox genişdir. Toplu və topsuz oyundakı fəaliyyəti, rəqib meydanında qurduğu təzyiq və formalaşdırdığı oyun modeli baxımından bu komandaları favorit hesab edirəm. Təbii ki, Türkiyə yığması da hər an sürpriz edə biləcək potensiala malikdir. Əbəs yerə deyil ki, son dövrün ən istedadlı futbolçu nəsillərindən biri hazırda Türkiyə millisinin heyətində çıxış edir.
Bu baxımdan Türkiyə yığması ilk növbədə qrupdan çıxmağı əsas hədəf kimi qarşısına qoymalıdır. Zatən qrup mərhələsini adladıqdan sonra, hər oyunun final ab-havasında keçdiyi pley-off mərhələlərində Türkiyə millisi dəfələrlə fərqlilik nümayiş etdirib və sürpriz nəticələrə imza atıb".
İdman eksperti Kənan Məstəliyev isə bildirdi ki, azarkeşlik etdiyi İtaliya yığması bu dəfə də dünya çempionatına vəsiqə qazana bilməyib:
"Artıq üçüncü dəfədir ki, bu baş verir və bu, çox üzücüdür. Çünki dördqat dünya çempionunun ardıcıl üçüncü dəfə dünya çempionatından kənarda qalması futbolsevərlər üçün məyusedici haldır. Bu səbəbdən dünya çempionatında xüsusi azarkeşlik edəcəyim bir komanda yoxdur.
Təbii ki, Türkiyə yığmasının uğur qazanmasını istəyəcəyəm. Hər halda qardaş ölkədir və kifayət qədər güclü heyətə malikdir. Xüsusilə də orta xətdə Arda Gülər, Kənan Yıldız və Hakan Çalhanoğlu kimi ulduz futbolçuların olması Türkiyənin potensialını artırır. Düşünürəm ki, uğurlu çıxış edə bilərlər və biz də onlara azarkeşlik edəcəyik".

Müsahibimiz turnirin favoritlərindən də danışdı:
"İlk növbədə İspaniya, Fransa və İngiltərə yığmalarını qeyd edərdim. Argentina, Braziliya və Portuqaliya da bu komandalar üçün ciddi rəqib hesab oluna bilər. Lionel Messi və Kriştiano Ronaldonun son dünya çempionatı olması da turnirə əlavə maraq qatır.
Qeyd edim ki, əsas favoritlər kimi İspaniya və Fransa yığmalarını görürəm. Hər iki komandanın çox güclü və geniş heyəti var. Xüsusilə Fransa millisinin heyəti əsl ulduzlar toplusudur. Onlar çox güclü hücum xəttinə malikdirlər və istənilən rəqibi ciddi çətin vəziyyətə sala biləcək potensialdadırlar. Məhz buna görə də Fransa və İspaniyanın bu turnirdə çempionluğa daha yaxın olduqlarını düşünürəm".
İdman jurnalisti Ağa Dadaşzadənin fikrincə isə bizi maraqlı dünya çempionatı gözləyir:
"Yeni qaydalarla keçiriləcək dünya çempionatı futbolsevərlərə fərqli həyəcan yaşadacaq. Hesab edirəm ki, sürpriz qarşılaşmalar və gözlənilməz nəticələr olacaq. Çempionluq uğrunda əsas mübarizənin Fransa, İspaniya və Argentina yığmaları arasında gedəcəyini düşünürəm.

Bununla belə, indidən konkret proqnoz vermək çətindir. Yenə də hesab edirəm ki, biz İspaniya yığmasının simasında yeni bir tarix yazıldığının şahidi ola bilərik. Amma zəif hesab etdiyimiz komandaları da siyahıdan çıxarmaq olmaz. Bu, böyük haqsızlıq olardı.
Futbol dəfələrlə göstərib ki, favorit sayılmayan komandalar da sürpriz nəticələr əldə edə bilirlər. Ona görə də bu marafonda, bu dünya çempionatında olduqca maraqlı və gözlənilməz nəticələrin qeydə alınacağını gözləyə bilərik".
Xədicə BAXIŞLI













