"Kim futbolun ləzzətini yaşadacaqsa, ona azarkeşlik edəcəyəm" - Rəşad Məcid

 17:48 11.06.2026     927

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 2026-cı il Dünya Çempionatı bu gün start götürür. Dünyanın ən mötəbər futbol turniri ərəfəsində futbolsevərlərin hansı komandaları dəstəkləyəcəyi və mundiala marağın hansı səviyyədə olduğu da müzakirə olunan mövzulardandır.

Mətbuat Şurasının sədri Rəşad Məcid Redaktor.az-a açıqlamasında çempionata münasibətini, favoritlərini və oyunları necə izləyəcəyini bölüşüb.

“Mənə elə gəlir ki, bu dünya çempionatına maraq bir az azdır. Hələ bunun səbəbi də məlum deyil. Bəlkə dünya çempionatı başlayandan sonra maraq artacaq. Bəzilərinə bu sualı vermişəm, deyiblər ki, vaxt fərqi olacaq, oyunlar səhər tezdən keçiriləcək. Futbola baxmaq üçün ən münasib vaxt axşam saatlarıdır. Ola bilsin ki, marağın az olmasının səbəbi də budur. Bir qədər soyuq münasibət hiss edirəm. Amma Türkiyə və Özbəkistan türk dünyasından olan insanların çoxu üçün favoritdir. Biz də istəyərik ki, bu komandalar uğur qazansın. Türkiyə yığmasına uzun illərdir ki, azarkeşlik edirəm”.

Həmsöhbətimiz vurğuladı ki, vaxtilə ən çox sevdiyi komandalar Braziliya və Niderland yığmaları olub:

“İndi bu il kim yaxşı oyun göstərəcəksə, kim futbolun ləzzətini və gözəlliyini qeyri-adi şəkildə bizə yaşadacaqsa, ola bilsin ki, həmin komandaya azarkeşlik edək. Bu, prosesdən asılıdır. Güman edirəm ki, hazırkı sakit vəziyyətə baxmayaraq, dünya çempionatı əvvəlki illərdə olduğu kimi yenə azarkeşlərin böyük marağına səbəb olacaq”.

Rəşad Məcid oyunları necə izləyəcəyindən də danışdı:

“Düzü, "Qarabağ"ın oyunlarına bəzən stadionda baxıram. Dostlarla birlikdə izləyəndə həmin emosiyaları daha yaxşı yaşamaq olur. Amma çox vaxt oyunlara evdə tək baxıram. Əgər imkan olsa və maraqlı qarşılaşmalar keçirilərsə, onları dostlarla birlikdə izləyəcəyəm. Hələlik isə ilk oyunlara tək baxacağam”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən