“Dünya çempionatında açıq favorit göstərmək düzgün olmaz” - Aslan Kərimov
"Mən heç bir milli komandaya fanatik şəkildə azarkeşlik etmirəm. Mənə elə gəlir ki, mənim mövqeyimdə olan bir çox insan da konkret bir komandanın daimi azarkeşi deyil. Mənim üçün Dünya Çempionatında əsas maraq hansısa milli komandaya kor-koranə azarkeşlik etmək yox, daha çox yeni tendensiyaları izləmək, oyun üslublarını analiz etmək və komandaların hansı prioritetlər üzərində qurulduğunu görməkdir. Təbii ki, azərbaycanlı və türk dünyasının bir parçası olaraq Türkiyə millisinin oyununa laqeyd qala bilmirik. Onların qələbə qazanmasını istəyirəm və uğurlarına sevinirəm. Amma bu, fanatik azarkeşlik səviyyəsində deyil".
Bu fikirləri Redaktor.az-a AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov futbol üzrə 2026-cı il dünya çempionatından danışarkən bildirdi.
Müsahibimiz bildirdi ki, bu Dünya Çempionatında bir komandanı açıq favorit göstərmək düzgün olmazdı:
"Çünki bir neçə milli komandanın çempionluq potensialı var və turnirin nəticəsini əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Məsələn, Fransa milli komandası heyət baxımından çox güclüdür. Demək olar ki, bütün mövqelərdə yüksək səviyyəli futbolçular çıxış edir. Klublar səviyyəsində – xüsusilə Çempionlar Liqasında oynayan futbolçuların çoxluğu da onların gücünü artırır. Hücum, yarımmüdafiə və müdafiə xətti balanslı görünür. Amma mediada tez-tez gündəmə gələn daxili gərginliklər və oyunçu münasibətləri (məsələn, Mbappe ilə bağlı iddialar) komanda atmosferinə təsir edə biləcək amillərdir. Buna görə Fransanın çempion olacağını qəti şəkildə demək çətindir. Digər tərəfdən, İspaniya millisi çox gənc və istedadlı oyunçulardan ibarətdir. Onlar topa nəzarət və oyun ritmini idarə etmək baxımından istənilən rəqibə qarşı çətinlik yarada bilən komandadır. Bu baxımdan İspaniya da ciddi favoritlərdən biridir."
Ekspert bildirdi ki, Almaniya millisindən bu dəfə böyük gözləntiləri yoxdur:
"İngiltərə isə pis təsir bağışlamır və yüksək mərhələlərə qədər irəliləmək potensialına malikdir. Niderland millisi də stabil oyun üslubu və heyət keyfiyyəti ilə turnirin iddialılarından sayıla bilər. Ümumilikdə, bu komandalar – Fransa, İspaniya, İngiltərə və Niderland – turnirdə yüksək yerlər və medal uğrunda mübarizə aparmağa real potensialı olan millilərdir".
Xədicə BAXIŞLI













