“Qaydalar hamı üçündür” - FIFA Seneqal və Misirə niyə “ulduz” qadağası qoydu?

 16:49 14.06.2026     233

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Seneqal milli komandasına Dünya Kuboku formalarındakı emblemdən ulduzu çıxarmaqla bağlı rəsmi xahiş ünvanlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Mayki Junior öz sosial media səhifəsində məlumat yayıb.

Məlumata görə, FIFA sözügedən tələbi Seneqalın emblemində 2021-ci il Afrika Millətlər Kubokundakı qələbədən sonra peyda olan ulduza görə irəli sürüb. Ali futbol qurumunun reqlamentinə əsasən, formadakı emblemin üstündəki ulduzlar yalnız komandanın qazandığı Dünya Kuboku çempionluqlarının sayını təmsil etməlidir. Seneqal isə hələlik bu titula sahib deyil.

Xatırladaq ki, analoji halla daha əvvəl Misir milli komandası da qarşılaşıb. TASS agentliyinin yaydığı məlumata görə, FIFA oxşar səbəbdən ulduzların Misir seçməsinin formasından da çıxarılmasını tələb etmişdi.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi Dünya Kuboku bu il 11 iyun - 19 iyul tarixlərində keçirilir. Turnirin qrup mərhələsində Seneqal yığması Fransa, Norveç və İraq komandaları ilə eyni qrupda mübarizə aparır.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən