ABŞ-nin qadağa qoyduğu somalili hakimə tam maaş ödəniləcək - FIFA-dan böyük JEST

 17:24 14.06.2026     346

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) ABŞ rəhbərliyi tərəfindən ölkəyə girişinə icazə verilməyən somalili hakim Ömər Artana 2026-cı il Dünya Kuboku üçün nəzərdə tutulan tam maaşını və bonuslarını ödəyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə idman jurnalisti Mayki Junior öz sosial media hesabında məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, ali futbol qurumu somalili referinin turnirdə iştirak edə bilməməsinə baxmayaraq, onun qarşısındakı maliyyə öhdəliklərini tam həcmdə yerinə yetirməyi qərara alıb.

Xatırladaq ki, Ömər Artan ötən həftə ABŞ-yə səfər etmək üçün rəsmi viza alsa da, Mayami Beynəlxalq Hava Limanına çatdıqdan sonra ölkəyə buraxılmayıb. ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti somalili ədalət təmsilçisinin əlavə təhlükəsizlik yoxlamasından keçdiyini və yekunda ölkəyə girişinin uyğun hesab edilmədiyini açıqlayıb. Vaşinqton rəsmiləri hakimə qarşı irəli sürülən ittihamların və "təhlükəsizlik narahatlıqlarının" təfərrüatlarını ictimaiyyətə açıqlamayıb.

Qeyd edək ki, Somali vətəndaşlarının ABŞ-yə girişinə ciddi məhdudiyyətlər tətbiq olunan ölkələr siyahısındadır. Buna baxmayaraq, səfərləri ABŞ-nin milli maraqlarına uyğun gələn diplomatlar, idmançılar və müəyyən şəxslər üçün qanunvericilikdə xüsusi istisnalar nəzərdə tutulur.

TASS agentliyi daha əvvəl məlumat yaymışdı ki, Dünya Kubokundan kənarda qalan Ömər Artan UEFA tərəfindən mühüm təyinat alıb. O, Çempionlar Liqasının qalibi PSJ və Avropa Liqasının çempionu "Aston Villa" komandaları arasında keçiriləcək UEFA Super Kuboku matçının baş hakimi olacaq.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən