Konqonun şansı nə qədərdir? - Portuqaliya ilə oyun öncəsi AÇIQLAMA

 18:20 17.06.2026     337

Bildiyimiz kimi, bu gün axşam futbol üzrə dünya çempionatının növbəti oyununda Portuqaliya ilə Konqo millisi qarşı-qarşıya gələcək.

Bəs oyunun favoriti hansı komanda ola bilər?

İdman jurnalisti Ağa Dadaşzadə Redaktor.az-a bildirdi ki, həmin oyunda birmənalı olaraq favorit Portuqaliyadır:

"Düşünürəm ki, bu komanda tam üstünlüyü ilə qalib gələcək. Hətta Portuqaliyanın böyük hesablı qələbə qazanacağını da istisna etmirəm. Amma bu futboldur. Xüsusilə də bu çempionatda güclü və iddialı komandaların xal itirdiyini görürük. Portuqaliyanın heyətində güclü futbolçular, qol duyumu yüksək olan və istənilən an fərqlənə biləcək oyunçular var. Konqoda isə qol vurmaq baxımından müəyyən problemlər müşahidə olunur. Onların hücumları Portuqaliyanın müdafiəsi qarşısında çox da kəsərli olmaya bilər".

Müsahibimizin fikrincə, Konqo da öz gücünü göstərməyə çalışacaq, ən azı bir qol vurmaq və rəqibə müqavimət göstərmək istəyəcək.

"Məncə, Konqo əsasən müdafiəyə çəkiləcək, Portuqaliya isə əksinə, hücum futboluna üstünlük verəcək. Yenə də kağız üzərində aşkar favorit Portuqaliyadır. Lakin top yumrudur və oyunun nəticəsini meydanda görəcəyik. Hər şey futbolçuların həmin an göstərəcəyi performansdan asılı olacaq. Ümumilikdə kompakt və maraqlı bir oyun izləyəcəyimizi düşünürəm. Gözəl ötürmələrin şahidi olacağıq və ümid edirəm ki, futbolun əsas gözəlliyi olan qolları da görəcəyik. Hazırkı vəziyyəti nəzərə alsaq, Portuqaliya bu qarşılaşmada böyük üstünlüyə malikdir", - deyə müsahibimiz yekunlaşdırdı.

Xədicə BAXIŞLI 

Vumart və Güvən reklamı Vumart Güvən