Kanada və İsveçrə rəqiblərini darmadağın ETDİ - B qrupunda ŞOU

 04:10 19.06.2026     344

2026-cı il FİFA Dünya Kubokunun B qrupunda II turun oyunları başa çatıb.

Redaktor.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında Kanada yığması Vankuverdə Qətəri 6:0 hesabı ilə darmadağın edib.

Kanadalıların heyətində qolları Kayl Larin (16), Conatan Devid (29, 45+3, 90+2) və Natan Saliba (64) vurublar. Qətər millisinin üzvü Məhəmməd Əl-Mannai isə 75-ci dəqiqədə avtoqol müəllifi olub. Oyunda gərgin anlar da yaşanıb; Qətər yığmasının üzvləri Homam Əl-Əmin (33) və Assim Modibo (53) qırmızı vərəqə alaraq meydandan qovulublar. Modibonun kobudluğundan sonra kanadalı yarımmüdafiəçi İsmael Kone ağır zədə alaraq meydanı xərəkdə tərk etməli olub.

Qrupun digər oyununda isə İsveçrə millisi Bosniya və Herseqovinanı sınağa çəkib. Bakı vaxtı ilə saat 23:00-da başlayan görüş İsveçrənin 4:1 hesablı parlaq qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, hər iki komanda ilk turda heç-heçə etmişdi — İsveçrə Qətərlə, Bosniya və Herseqovina isə Kanada ilə 1:1 hesablı bərabərliyə razılaşmışdı.

Komandalar meydana növbəti heyətlərlə çıxıblar:

İsveçrə: Kobel – Vidmer, Elvedi, Akanji, Rodriges – Aebişer, Caka, Freuler – Rider, Embolo, Ndoye.

Bosniya və Herseqovina: Vasily – Kolaşinaç, Katiç, Muharemoviç, Dediç – Alaybeqoviç, Suniç, Tahiroviç, Memiç – Dzeko, Demiroviç.

Bu nəticələrdən sonra B qrupunda Kanada və İsveçrə hərəyə 4 xalla ilk iki pilləni bölüşürlər. Bosniya və Herseqovina (1) üçüncü, Qətər (1) isə sonuncu yerdə qərarlaşıb.

Qrup mərhələsinin iyunun 24-də keçiriləcək son turunda Kanada İsveçrə ilə liderlik uğrunda, Qətər isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən