Dünya Kubokuna gedən argentinalı azarkeşlərə silahlı HÜCUM

 12:12 19.06.2026     212

ABŞ-nin Kanzas-Siti şəhərində keçirilən Dünya Kuboku oyunu öncəsi argentinalı azarkeşləri daşıyan taksiyə naməlum şəxslər tərəfindən atəş açılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Məlumata görə, hadisə Argentina və Əlcəzair arasında keçirilən qrup mərhələsi matçından əvvəl baş verib.

Şahidlər bildiriblər ki, naməlum şəxsləri daşıyan avtomobil azarkeşlərin olduğu taksinin yanında dayanıb və iki dəfə atəş açıb.

Sərnişinlər əvvəlcə səsləri təkər partlaması kimi qəbul ediblər. Lakin daha sonra məlum olub ki, taksinin sürücüsü də güllə yarası alıb.

Azarkeşlərdən biri hadisəni belə təsvir edib:

“O, qəfil əyləci basdı. Mən sürücünün ayağını gördüm – ayağında dəlik var idi. Polisə zəng etdik. Bu, dəhşətli idi”.

Bildirilib ki, Argentina Dünya Kubokunun qrup mərhələsində Əlcəzair üzərində 3:0 hesablı qələbə qazanıb. Kanzas-Sitidəki Arrowhead Stadionunda keçirilən qarşılaşmada Lionel Messi het-trik edib.

Bu nəticə ilə Argentina üç xal toplayaraq J qrupunda liderliyə yüksəlib.

2026-cı il Dünya Kuboku ABŞ, Meksika və Kanadada keçirilir və turnir iyunun 11-də başlayıb, iyulun 19-da başa çatacaq.

Argentina 2022-ci il Dünya Kubokunun finalında Fransanı məğlub edərək hazırkı dünya çempionu titulunu qoruyur.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən