Kral və Kraliça futbolçularla birlikdə rəqs etdi - Dünya Çempionatında görünməmiş HADİSƏ
Niderland Kralı Villem-Aleksandr və Kraliça Maksima 2026-cı il Dünya Kubokunun qrup mərhələsinin ikinci tur matçından sonra Kürasao milli futbol komandasının soyunma otağına baş çəkərək futbolçularla birlikdə rəqs ediblər.
Redaktor.az xəbər verir ki, krallıq ailəsinin idmançılarla çiyin-çiyinə şənləndiyi həmin anların görüntüləri sosial mediada böyük maraq doğurub və sürətlə yayılıb.
Məlumata görə, Kürasao ilə Ekvador yığmaları arasında baş tutan qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Bu nəticə Kürasao komandasının Dünya Çempionatları tarixində qazandığı ilk xal kimi qeydə alınıb. "Gazeta" portalının onlayn yayımladığı qarşılaşmadan sonra soyunma otağında yaşanan bayram əhval-ruhiyyəsi məhz bu tarixi uğurla bağlı olub.
Bildirilib ki, bu nəticədən sonra turnirin E qrupunda vəziyyət gərginləşib. Hazırda Almaniya 6 xalla liderdir, Kot-d'İvuarın isə 3 xalı var. Ekvador və Kürasao hərəyə 1 xalla növbəti pillələri bölüşürlər. Qrupun son turunda Ekvador Almaniya ilə, Kürasao isə Kot-d'İvuarla qarşılaşacaq və növbəti mərhələ şanslarını dəyərləndirməyə çalışacaq.
Açıqlamada qeyd olunub ki, Kürasao adası coğrafi olaraq uzaq olsa da, Niderland Krallığı daxilində özünüidarə edən xüsusi bir dövlətdir. Geniş muxtariyyətə və şəxsi hökumətə malik olan adanın xarici siyasət və müdafiə məsələlərinə birbaşa Haaqa cavabdehlik daşıyır, yerli sakinlər isə Niderland vətəndaşlığı daşıyırlar. Kral ailəsinin bu rəqsi həm də krallıq daxili birliyin simvolu kimi qiymətləndirilib.
Aminə ŞAHSUVARQIZI













