Azərbaycanda ilk yaşandı: 24 saat qaçdılar - FOTO
20–21 iyun 2026-cı il tarixlərində Bakı şəhərində, Antena Park ərazisində Azərbaycan Ultra və Treyl Qaçışçıları İctimai Birliyi (UTR), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən "Baku Ultra Endurance 2026" yarışı uğurla başa çatıb.
Redaktor.az xəbər verir ki, Azərbaycan tarixində ilk dəfə keçirilən bu formatlı ultra məsafə yarışı 6 saat, 12 saat və 24 saat kateqoriyalarında təşkil edilib, həm yerli, həm də beynəlxalq iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Yarışda Azərbaycanla yanaşı Türkiyə, Litva, Amerika Birləşmiş Ştatları, Hindistan, Gürcüstan və Rusiya Federasiyasından idmançılar iştirak edib. Bu baxımdan "Baku Ultra Endurance 2026" ölkəmizdə keçirilən ilk beynəlxalq ultra-endurance yarışlarından biri kimi tarixə düşüb.
Yarış çərçivəsində dünya ultra qaçışının ən tanınmış komandalarından biri olan Sorokin Team geniş heyətlə təmsil olunub və yarışın beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verib.
"Baku Ultra Endurance 2026" həm də Azərbaycan ultra qaçış tarixində yeni rekordlarla yadda qalıb. 24 saatlıq yarışın kişilər üzrə qalibi Elmir Əsgərov 212 kilometr məsafə, qadınlar üzrə Leyla Abdinova 164.42 km qət edərək Azərbaycan üzrə 24 saat qaçış rekordunu yeniləyiblər.
Yarışın mükafatlandırma mərasimində Litvanın Azərbaycandakı səfiri cənab Kęstutis Vaškelevičius iştirak edib və qaliblərə mükafatları təqdim edib.
"Baku Ultra Endurance 2026" yalnız idman yarışı deyil, eyni zamanda əsl qaçış festivalı kimi təşkil olunub. Yarışdan bir gün əvvəl ilk dəfə olaraq təşkil edilən Expo zonasında sponsor və tərəfdaşlar stendlərlə iştirak edib, məhsul və xidmətlərini təqdim edib, iştirakçılar üçün müxtəlif aktivliklər həyata keçiriblər. Geniş sponsor və tərəfdaş dəstəyi sayəsində yarış iştirakçıları yüksək səviyyəli təşkilatçılıq, zəngin start paketləri, pasta partisi və festival atmosferi ilə qarşılayıblar.
Yarış nəticələri
6 Saat – Kişilər
- Andrej Jegorov – 82.37 km
- Maksim Tabunov – 70.44 km
- Seymur Huseynov – 69.12 km
6 Saat – Qadınlar
- Natalya Vallek – 53.02 km
- Gular Salahova – 51.97 km
- Varvara Mamedova – 50.07 km
12 Saat – Kişilər
- Zydrunas Stelmokas – 114.02 km
- Cabir Dovletzade – 105.14 km
- Rasim Rzayev – 105.02 km
12 Saat – Qadınlar
- Nərmin Quliyeva – 71.92 km
- Məleykə Nəhmədli – 66.82 km
- Nigar Omarova – 64.75 km
24 Saat – Kişilər
- Elmir Əsgərov – 212.01 km (Yeni Azərbaycan Rekordu)
- Ağa Əliyev – 197.57 km
- Marius Zakarauskas – 182.40 km
24 Saat – Qadınlar
- Leyla Abdinova – 164.42 km (Yeni Azərbaycan Rekordu)
- Cəmilə İrəfiyeva – 141.87 km
- Yelena Dubentsova – 82.92 km
Qeyd edək ki, Azərbaycan Ultra və Treyl Qaçışçıları (UTR) İctimai Birliyi və Azərbaycan Atletika Federasiyasının əməkdaşlığı ilə uğurla təşkil olunan "Baku Ultra Endurance" yarışının bundan sonra hər il keçirilməsi planlaşdırılır.























