Braziliyanı çətin sınaq gözləyir - Yaponiya sürpriz edə bilər?

 17:44 29.06.2026     431

Futbol üzrə dünya çempionatında bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq qarşılaşmada Yaponiya və Braziliya milliləri üz-üzə gələcək.

Redaktor.az-a açıqlamasında qarşılaşmanın necə keçəcəyini dəyərləndirən idman jurnalisti Natiq Muxtarlının fikrincə, azarkeşləri olduqca maraqlı və gərgin mübarizə gözləyir:

"Braziliya favoritdir, amma Yaponiya yaxşı, baxımlı futbol nümayiş etdirdiyini dünya çempionatında artıq göstərib. Unutmayaq ki, müasir Yaponiya futbolunun inkişafında, bugünkü təşəkkülündə Braziliyanın izi var. 2002-ci ildə keçirilən dünya çempionatında bu komandanın baş məşqçisi əfsanəvi braziliyalı Ziko idi. Yəni Ziko həm futbolçu kimi karyerasının son illərini Yaponiyada keçirdi, karyerasını bitirdikdən sonra isə yığma komandaya rəhbərlik etdi. Yəni Yaponiya futbolunun inkişafında, təşəkkülündə Braziliya stili var. Ona görə də Yaponiyanın oyununda Braziliya elementlərini görə bilərik".

Müsahibimiz vurğuladı ki, yaponlar müdafiə və atletik futbola üstünlük vermirlər:

"Onlar yaradıcı və baxımlı futbola üstünlük verirlər. Bu baxımdan yanaşsaq, axşam iki oxşar komandanın duelini izləyəcəyik. Amma bütün hallarda mənim qənaətimə görə favorit yenə də Braziliyadır. Çünki Braziliyanın heyətində futbolçuların ustalıq səviyyəsi və təcrübəsi daha çoxdur. Amma asan olmayacaq. Braziliya üçün Yaponiyanı, yəni ikinci Braziliyanı məğlub etmək asan olmayacaq. Bundan sonra pley-off mərhələsində hər oyunun gərgin olacağını proqnozlaşdıra bilərik. Amma oyundan-oyuna görəcəyik ki, yenə də sona ənənəvi favoritlər qalacaq. O ənənəvi favoritlərdən biri də Braziliyadır. Braziliyanın hələ ki, irəliləyəcəyini güman edirəm. Söz yox ki, mən onların oyununda da bəzi çatışmazlıqlar hiss edirəm, görürəm. Çünki komanda hələ ki, öz oyununu tam tapa bilməyib. Amma Braziliyanın Yaponiya ilə oyunda büdrəyəcəyini güman etmirəm. Bütün hallarda isə maraqlı və gərgin oyun olacaq. Baxımlı futbol sərgiləyən iki komandanın oyunu tamaşa olmalıdır, darıxdırıcı olmamalıdır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən