"Portuqaliyanın qələbə qolu Ronaldonun meydandan çıxmasından sonra vuruldu" - ŞƏRH
Ötən gecə futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Portuqaliya və Xorvatiya yığmaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma Portuqaliyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Lakin matç təkcə nəticəsi ilə deyil, həm də qeydə alınan rekordla yadda qalıb. Belə ki, oyunun ikinci hissəsinə ümumilikdə 18 dəqiqə 51 saniyə əlavə edilib. Bu göstərici dünya çempionatları tarixində bir hissəyə verilən ən uzun əlavə vaxt kimi yeni rekord hesab olunur.
Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev Redaktor.az-a bildirdi ki, 18 dəqiqəlik əlavə vaxt tamamilə normal idi.
"Əslində, əvvəlcə ikinci hissəyə 10 dəqiqə əlavə edilmişdi və bu da oyunun gedişinə uyğun qərar idi. Çünki su fasiləsi olmuşdu, çoxsaylı əvəzetmələr edilmişdi, zədələnən futbolçulara tibbi yardım göstərilmişdi, VAR yoxlamaları aparılmışdı. Yəni əlavə vaxtın verilməsi üçün kifayət qədər əsas var idi. Sonradan əlavə olunan vaxtın uzanmasının səbəbi isə həmin 10 dəqiqə ərzində də oyunun dayanması idi. Bu müddətdə qol vuruldu, Portuqaliya futbolçuları qolu qeyd etdilər və oyun yenidən dayandı. Buna görə də ümumilikdə 16-17, hətta 18 dəqiqəyə yaxın əlavə vaxt oynanılması tam normaldır. Burada qeyri-adi heç nə yoxdur. İlk baxışda çox görünə bilər, amma bu, oyunun gedişindən irəli gələn təbii haldır və normal qarşılanmalıdır. Portuqaliya yoluna davam etdi. Düzdür, komanda o qədər də parlaq oyun göstərmədi. Xüsusilə də Ronaldo gözləntiləri tam doğrulda bilmədi. Hətta komandanın qələbə qolu onun meydandan çıxmasından sonra vuruldu".

Şərhçi qeyd etdi ki, Portuqaliya çox güclü futbolçulardan formalaşmış komandadır və finala qədər irəliləmək potensialına malikdir.
"Heyətdə dünyanın aparıcı klublarında çıxış edən futbolçular var. Məsələn, PSJ, "Mançester Siti" və "Mançester Yunayted" kimi klubların oyunçuları bu komandanın heyətində yer alırlar. Bu baxımdan Portuqaliyanı dünya çempionatının əsas favoritlərindən biri hesab etmək olar. Ancaq növbəti mərhələlərdə komandanı daha çətin sınaqlar gözləyir. Xorvatiya da asan rəqib deyildi və belə bir komandanı məğlub etmək özü yaxşı nəticədir. Lakin qarşıdakı rəqib İspaniyadır. İspaniya Avropa çempionudur və çox güclü kollektivə malikdir. Buna görə də Portuqaliyanı bu oyunda çox çətin qarşılaşma gözləyir. Hətta Portuqaliya İspaniyanı da keçə bilsə, növbəti mərhələdə Fransa ilə qarşılaşmaq ehtimalı var. Bu səbəbdən Portuqaliyanın finala qədər irəliləməsi çox çətin olacaq və bunu bacarması, müəyyən mənada, möcüzəyə bərabər nəticə sayıla bilər".
Xədicə BAXIŞLI













