Rekord əlavə vaxtın pərdəarxası: "VAR nəticəyə ciddi təsir göstərdi"
"Aşağı-yuxarı əlavə vaxtın ümumi həcmi oynanılan ekstra taymın vaxtına bərabər idi. Bənzər hallar bəzən İngiltərə Premyer Liqasında da müşahidə olunub, həmçinin Fransada da buna oxşar situasiyalar yaşanıb. Yəni 18 dəqiqəlik əlavə vaxt bir qədər çox görünsə də, 10–14 dəqiqə aralığında olan əlavə vaxtların da tətbiq olunduğu oyunlar olub".
Bu barədə Redaktor.az-a idman jurnalisti Ağa Dadaşzadə Portuqaliya–Xorvatiya oyununu şərh edərkən bildirdi.
"Ümumilikdə hesab etmək olar ki, müasir futbolda yeni qərarlar, yeni yanaşmalar və yeni idarəetmə üsulları tətbiq olunur və bu hadisə də həmin tendensiyanın bir göstəricisidir. Gələcəkdə də buna bənzər halların şahidi olmağımız mümkündür.
Oyunun ümumi gərginliyinə və yüksək ajiotajına gəldikdə isə, matç həm emosional, həm də kəskin xarakter daşıyırdı. Belə vəziyyətlərdə gərginliyin artması və oyunun sərt keçməsi təbii sayılır. Bu baxımdan baş verənlər qeyri-adi hesab olunmamalıdır", - o dedi.

Jurnalistin sözlərinə görə, bununla belə, etiraf etmək lazımdır ki, hakim oyunu tam şəkildə idarə etməkdə çətinlik çəkdi:
"Bəzi epizodlarda oyunun axınına nəzarət zəif idi və sanki bu cür intensiv qarşılaşma həmin hakim üçün bir qədər ağır idi. Nəticə etibarilə, oyun VAR qərarlarının da təsiri ilə formalaşdı və yekun nəticədə əsas rol oynadı. Ümid edilir ki, gələcək oyunlarda belə idarəetmə səhvlərinə daha az rast gəlinəcək".
Xədicə BAXIŞLI













