Donald Tramp futbolçunun cəzasını ləğv etdiyi üçün FİFA-ya təşəkkür ETDİ
ABŞ Prezidenti Donald Tramp milli komandanın hücumçusu Folarin Baloqunun diskvalifikasiyasını ləğv etdiyinə və onun Dünya Kubokunun 1/8 final mərhələsində Belçika ilə qarşılaşmada iştirakına icazə verdiyinə görə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasına (FİFA) təşəkkürünü bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı xarici idman mediası yayıb.
Bildirilib ki, ABŞ dövlət başçısı məsələyə özünəməxsus şəkildə reaksiya verib. O, "Truth Social" sosial şəbəkə hesabında etdiyi paylaşımda:
"Düzgün iş gördüyünüz və böyük bir səhvi düzəltdiyiniz üçün FİFA-ya təşəkkür edirəm", — deyə qeyd edib.
Məlumata görə, FİFA İntizam Komitəsi ABŞ tərəfinin müraciətindən sonra futbolçunun cəzası ilə bağlı qərarını yenidən nəzərdən keçirib. Xatırladaq ki, Baloqun turnirin qrup mərhələsində Bosniya və Herseqovina ilə keçirilən oyunda (2:0) rəqib müdafiəçi Tarik Muharemoviçə qarşı kobudluq etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmuşdu. Mövcud qaydalara əsasən, amerikalı hücumçu növbəti — pley-off mərhələsinin ilk matçını buraxmalı idi.
Aminə ŞAHSUVARQIZI













