Messi dünya çempionatında yeni rekordlara imza atdı – qol, assist və tarixi göstəricilər
Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatının 1/8 finalında Misir üzərində 3:2 hesablı əzmkar qələbədə növbəti dəfə tarixi rekordlarını yenilədi.
Redaktor.az xəbər verir ki, 39 yaşlı hücumçu əvvəlcə Kristian Romeronun qoluna məhsuldar ötürmə verdi, daha sonra isə özü hesabı bərabərləşdirən qolu vurdu. Argentina 0:2 hesabı ilə geridə olsa da, son dəqiqələrdə ardıcıl üç qol vuraraq 1/4 finala yüksəldi.
Messi bu qarşılaşmadan sonra dünya çempionatları tarixində vurduğu qolların sayını 21-ə, məhsuldar ötürmələrinin sayını isə 9-a çatdırdı. Bununla da o, mundiallar tarixinin ən çox qol vuran və ən çox assist edən futbolçusu oldu.
Argentinalı superulduz daha bir neçə tarixi göstəricini də yenilədi:
- Dünya çempionatlarında keçirdiyi oyunların sayını 31-ə çatdıraraq bu rekordunu daha da möhkəmləndirdi.
- Dünya çempionatlarında ardıcıl 9-cu oyununda qol vuraraq özünəməxsus rekordunu yenilədi.
- Mundiallar tarixində 21 qol və 9 assistlə ümumilikdə 30 qol iştirakına imza ataraq turnir tarixinin ən məhsuldar futbolçularından biri statusunu daha da möhkəmləndirdi.
Messinin qol və assistlə yadda qalan oyunu sayəsində Argentina dramatik qələbə qazanaraq dünya çempionatının dörddəbir finalına vəsiqə əldə etdi. Komanda növbəti mərhələdə İsveçrə – Kolumbiya cütünün qalibi ilə qarşılaşacaq.
Turan İSMAYIL













