Zlatandan Messiyə böyük tərif: "Əsl canavara çevrildi"

 14:30 08.07.2026     341

2026-cı il Dünya Çempionatının 1/8 final mərhələsində Argentina və Misir arasında keçirilən dramatik qarşılaşmadan (3:2) sonra İsveç futbolunun əfsanəsi Zlatan İbrahimoviç Lionel Messi haqqında diqqətçəkən açıqlamalar verib.

Redaktor.az xəbər verir ki, Zlatan İbrahimoviç ABŞ-nin məşhur idman kanallarına açıqlamasında Argentinanın 0:2 hesabından geri dönüşündə Messinin rolunu xüsusi qeyd edib.

Sabiq hücumçu bildirib ki, Messi oyunun gedişində fərqli səviyyəyə yüksəlib və onu dayandırmaq mümkün olmayıb.

"Messi əsl canavara çevrildi. O, komandasını daim irəli aparırdı. Mənim tanıdığım və hamımızın izləməyə alışdığımız unikal Messi məhz budur", - deyə Zlatan bildirib.

İsveçli futbolçu qeyd edib ki, Messinin qələbədən sonra göz yaşlarını saxlaya bilməməsi bu uğurun onun üçün nə qədər önəmli olduğunu göstərir.

Onun sözlərinə görə, Messi Dünya Kuboku, çoxsaylı titullar və "Qızıl top" mükafatları qazansa da, hələ də daha böyük uğurlar qazanmaq istəyi ilə fərqlənir.

Qeyd edək ki, Lionel Messi Misirlə qarşılaşmada penalti zərbəsini dəqiq yerinə yetirə bilməsə də, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun çıxışı Argentinanın 1/4 final mərhələsinə yüksəlməsində əsas amillərdən biri olub.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən