Fransa-Mərakeş və İspaniya-Belçika duelini kim qazanacaq? - PROQNOZ
Futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin oyunlarına start verilir. İlk oyunlar Fransa – Mərakeş və İspaniya – Belçika arasında keçiriləcək.
Redaktor.az-a danışan idman eksperti Natiq Muxtarlının sözlərinə görə, artıq dünya çempionatında elə bir mərhələyə gəlib çatmışıq ki, burada zəif deyəcəyimiz komanda yoxdur:
"Ümumiyyətlə, mənə görə dünya çempionatına zəif komanda gəlmir və əsas məsələ odur ki, gəlib artıq dörddəbir final mərhələsinə çatmışıq. Dörddəbir final mərhələsi nə deməkdir? Deməli, dünyanın ən güclü səkkiz komandası qalıb. Burada hansısa komandaya zəif demək qeyri-peşəkarlıq olar. Ona görə də bu mərhələdə çox çətin, gərgin oyunlar olacaq. Baxmayaraq ki, indiyə qədər keçirilən oyunlarda bəzi komandaların mövqelər üzrə üstünlüyü görünür. Fransada ümumiyyətlə mən zəif nöqtə görmürəm. İspaniya isə çempionatın ən texnikalı komandasıdır. Yəni bu komandanın texnikasının qarşısında duruş gətirmək hər komandanın işi deyil. Amma Mərakeş də çox güclü komanda olduğunu sübut edib. Üstəlik, bu komanda 2022-ci ildə keçirilən dünya çempionatında dördüncü yeri tutub və indi dörddəbir finaldadır. Bu o deməkdir ki, Mərakeşin dörd il bundan əvvəlki uğuru təsadüfi deyildi və indiki uğuru da təsadüfi deyil. Heyətində çox sanballı, güclü futbolçular var və Fransa üçün çox çətin olacaq. Mən hətta düşünürəm ki, bu cütün qalibi dünya çempionatının finalında olacaq. Amma yenə də təcrübəni, ayrı-ayrı futbolçuların ustalıq səviyyəsini nəzərə alsaq, nisbətən üstünlüyü Fransaya verərdim. Amma Paraqvayla oyun da göstərdi ki, dağıdıcı futbol oynayan komandalarla oyunda Fransanın işi asan olmur. Gördük ki, Fransa Paraqvayı necə çətinliklə məğlub etdi".
Həmsöhbətimiz vurğuladı ki, Mərakeş dağıdıcı futbol oynamır:

"Yəni Paraqvay kimi futbol oynamayacaq, buna əminəm. Çünki Mərakeşin heyətində həm də texnikalı, yaradıcı futbolçular var. Amma bütün hallarda onların Fransa ilə açıq futbol oynayacağını da düşünmürəm, çünki Fransa ilə açıq futbol oynamaq intihar deməkdir. Ehtiyatlı futbol olacaq, mən orada bol qollu oyun gözləmirəm, əgər erkən qol olmasa".
İspaniya-Belçika oyununa gəlincə, N.Muxtarlı bu matçla bağlı bir az fərqli düşüncədədir. Onun sözlərinə görə, İspaniya olduqca texnikalı komandadır və yaradıcı futbol oynayır:
"Belçikanın oyununu proqnozlaşdırmaq isə bir qədər çətindir. Bu komanda bir matçda çox zəif təsir bağışlayır – məsələn, Seneqala qarşı oyunda olduğu kimi, digər matçda isə yüksək səviyyəli futbol nümayiş etdirir – ABŞ-la qarşılaşmada olduğu kimi. Ona görə də İspaniya ilə oyunda Belçikanın necə çıxış edəcəyi komandanın əhval-ruhiyyəsindən asılı olacaq. Amma bütün hallarda bu cütün aşkar favoriti İspaniyadır. Gərgin oyunlar olacağı dəqiqdir. Bundan sonra ümumiyyətlə dünya çempionatında asan oyun olmayacaq. Misir-Argentina oyununda səkkizdəbir finalda biz gördük ki, hansı dramatik sonluqla nəticələndi. Bizi dörddəbir finalda, yarımfinalda, hətta finalın özündə də belə dramatik oyunlar gözləyəcək. Yəni dünya çempionatı artıq indi başlayır, indi son akkordlarıdır və dünya çempionatından, bu gözəl oyunlardan zövq almaq lazımdır. Olduqca maraqlı oyunlar gedir. Çox gərgin oynanılacaq. Nisbətən Fransa-Mərakeş cütündə üstünlüyü Fransaya verirəm, amma İspaniya-Belçika cütündə aşkar favorit İspaniyadır".
Aytəkin TOFİQQIZI













