FIFA üçün əsas məsələ futbol yox, gəlirdir - Futbol eksperti
FIFA prezidenti Canni İnfantino bildirib ki, gələcəkdə Dünya Kubokunda iştirak edən milli komandaların sayının 64-ə çatdırılması məsələsi müzakirə oluna bilər. Onun sözlərinə görə, məqsəd daha çox ölkəyə mundialda iştirak imkanı yaratmaqdır. Bununla belə, İnfantino vurğulayıb ki, bu məsələ ilə bağlı hələlik yekun qərar qəbul edilməyib.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında "CBC Sport", "Footcast TV"nin aparıcısı, tanınmış futbol eksperti Elçin Cəfərov bildirdi ki, bu mundialda, təbii ki, əvvəlkilərdən fərqli olaraq komanda sayının artırılması oyunların sayının çoxalması baxımından futbol azarkeşlərini sevindirsə də, futbolçular və milli komandalar səviyyəsində bu qərar o qədər də müsbət qarşılanmadı:
"Burada əsas məqam kimi kəmiyyətə deyil, keyfiyyətə üstünlük verilməsinin vacibliyi vurğulanırdı. Lakin bu mundialda çox təəssüf ki, xüsusilə qrup mərhələsində yüksək keyfiyyətli futbolu o qədər də izləyə bilmədik. Daha çox kəmiyyət ön planda idi. Nəticə etibarilə, bu qərarın qəbul olunması ilə bağlı müxtəlif tezislər və arqumentlər irəli sürülə bilər. Bildirilə bilər ki, tarix boyu dünya çempionatında iştirak etmək imkanı əldə etməyən bəzi komandalar yeni reqlament sayəsində mundiala vəsiqə qazandılar. Yəni onların da dünya çempionatında iştirak etmək hüququ var və bu istiqamətdə müxtəlif fikirlər səsləndirilir. Amma nəticə etibarilə, burada əsas məsələ maliyyə dayanıqlığının gücləndirilməsidir. Komanda sayının artırılması FIFA-ya maliyyə baxımından çox böyük gəlir gətirib. Bu format onlar üçün bir sınaq, bir təcrübə idi və bu sınağın daha çox maliyyə imkanları yaratdığının şahidi oldular.
Nəticədə artıq belə bir iddia ortaya atılıb və bununla, istər-istəməz, beynəlxalq futbol ictimaiyyətinin reaksiyası öyrənilir. Əgər buna müsbət münasibət göstərilərsə, təbii ki, bu qərar qəbul olunacaq. Burada seçilmiş futbol adamlarının, müxtəlif futbol federasiyalarının rəhbərlərinin və ümumiyyətlə, futbol ictimaiyyətinin fikrinin də, məncə, həlledici rol oynayacağını düşünmürəm. Çünki məsələnin əsasında maliyyə dayanıqlığının artırılması dayanır".
Onun sözlərinə görə, əgər FIFA komanda sayını artırmaqla bu dünya çempionatından daha çox gəlir əldə edibsə, deməli, növbəti mərhələdə bunu daha geniş miqyasda tətbiq etməklə gəlirlərini daha da artıracağını hesab edir.
"Burada nə komanda sayı, nə hansısa komandaların iştirak arzusu, nə də digər amillər əsas rol oynamır. Əsas məsələ maliyyədir. Məsələnin kökü maliyyəyə dayanır. Ona görə də hesab edirəm ki, əgər bu dəyişiklik FIFA-ya ciddi maliyyə üstünlükləri qazandıracaqsa, təşkilat bu qərarı qəbul edəcək. Amma mənim şəxsi fikrimcə, futbolda keyfiyyət ön planda olmalıdır. Çox təəssüf ki, bu gün kəmiyyət keyfiyyəti üstələməyə başlayıb. Halbuki mundiallar hər zaman yüksək futbol keyfiyyəti ilə azarkeşləri və futbol ictimaiyyətini sevindirib. Bu səbəbdən mən komanda sayının daha da artırılması ilə bağlı qərarın qəbul edilməsinin əleyhinəyəm", - deyə E.Cəfərov yekunlaşdırdı.
NURİYYƏ













