"Fransa–İspaniya qarşılaşmasının favoriti Fransadır" - AÇIQLAMA
Bu gün futbol üzrə 2026-cı il dünya çempionatında yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək. Turnirin ilk yarımfinal qarşılaşmasında Fransa və İspaniya milli komandaları üz-üzə gələcək.
Maraqlıdır, bəs bu iki komandadan hansı favorit hesab edilə bilər?
İdman eksperti Kənan Məstəliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, bu iki komanda arasında favoriti müəyyənləşdirmək çətindir:
"Çünki hər ikisi çox güclü komandadır. Həm turnirin əvvəlində, həm də turnir ərzində əsas favoritlər sırasında yer alıblar. Hətta demək olar ki, əgər yarımfinalda üz-üzə gəlməsəydilər və fərqli yarımfinal cütlərində mübarizə aparsaydılar, böyük ehtimalla finalda məhz Fransa ilə İspaniya qarşılaşacaqdı.
Hər iki komanda yüksək səviyyəli futbolçulardan formalaşıb, oturuşmuş komanda oyununa malikdir və heyətlərində dünya ulduzları çıxış edir. Bu gün dünyanın ən güclü milli komandalarından ikisi məhz Fransa və İspaniyadır. Ona görə də onların qarşılaşması futbolsevərlər üçün böyük maraq doğurur".
Müsahibimizin sözlərinə görə, həm hazırkı forma vəziyyətinə, həm də heyət üstünlüyünə nəzər saldıqda Fransa bir qədər öndə görünür.
"Kilian Mbappe, Maykl Olise, Dezire Due, Usman Dembele və digər futbolçular istənilən anda oyunun taleyini həll edə biləcək səviyyədə ulduzlardır. Didye Deşamın rəhbərlik etdiyi Fransa millisi dünyanın istənilən komandasına qalib gəlmək potensialına malikdir. İspaniyanın əsas üstünlüyü isə daha çox komanda oyununda özünü göstərir. Düzdür, heyətdə Lamin Yamal kimi dünya səviyyəli istedad var. Lakin turnir ərzində onun tam optimal formada olmadığını gördük. Bəzi oyunlarda zədə səbəbindən tam gücü ilə çıxış edə bilmədi, iştirak etdiyi matçlarda da ondan gözlənilən maksimum performansı sərgiləyə bilmədi. Ümumilikdə heyət keyfiyyəti, itkilər və komandaların hazırkı vəziyyəti nəzərə alındıqda, Fransanın qalib gəlmək ehtimalının daha yüksək olduğunu demək olar. Bu səbəbdən də görüşün favoriti kimi məhz Fransanı göstərmək mümkündür", - deyə K.Məstəliyev yekunlaşdırdı.
Xədicə BAXIŞLI













