Bu gecəki matç ilk yarımfinaldan daha maraqlı olacaq - PROQNOZ

 15:12 15.07.2026     368

"Dünya çempionatının birinci yarımfinal oyunundan fərqli olaraq, ikinci oyunda ən azı mübarizə gözləyirəm. Çox təəssüf ki, biz birinci yarımfinal oyununda mübarizəyə şahidlik etmədik. Meydanda bir komandanın hökmranlığını gördük. İspaniya Fransanı, demək olar ki, meydandan silib-süpürdü. Fransa kimi bir komandanı topsuz qoyduqda, bu komandanın əlacsız, usta futbolçularının aciz vəziyyətdə olduğu açıq-aşkar görünürdü və birinci yarımfinalda İspaniyanın öldürücü üstünlüyü var idi. Təəssüf ki, bu da meydandakı mübarizəyə öz təsirini göstərdi. Yəni biz birtərəfli oyun gördük, bir komandanın timsalında oyun gördük".

Bu fikirləri Redaktor.az-a açıqlamasında idman jurnalitsi Natiq Muxtarlı bu gecə keçiriləcək dünya çempionatının ikinci yarimfinal oyununda İngiltərə-Argentina oyununun necə olacağından danışarkən səsləndirdi.

Müsahibimiz İngiltərə-Argentina oyununun fərqli olacağını düşünür:

"Çünki burada favorit yoxdur. İngiltərə və Argentina qüvvələri, demək olar ki, bərabərdir, əllinin əlliyədir. Oyunun taleyini isə ayrı-ayrı detallar həll edə bilər. Tutaq ki, Lionel Messi, Cud Bellingem və yaxud da Harri Keyn amili ortaya çıxa bilər. Ayrı-ayrı futbolçuların fərdi ustalığı oyuna təsir edə bilər. Bu baxımdan olduqca gərgin bir yarımfinal gözləyirəm. Necə olacağını, nə baş verəcəyini proqnozlaşdıra bilməyəcəyimiz oyunlardan biridir. Ona görə də gərgin mübarizəni gözləyək. Ayrı-ayrı futbolçuların bağlanması necə olacaq – bu düşündürür. Tutaq ki, Messinin qarşısını ingilis futbolçular necə alacaqlar və yaxud da Keynin cərimə meydançasındakı öldürücü funksiyasını argentinalı futbolçular necə zərərsizləşdirəcəklər?

Hər iki komandanın müdafiə xəttində boşluqlar var, bu birmənalıdır. İndiyə qədər keçirilən oyunlarda biz bunu görmüşük. İndi bu oyunda necə olacaq?".

N.Muxtarlı vurğuladı ki, bu gecəki oyun bir növ şahmat oyununa bənzəyəcək:

"Çünki hər hansı bir oyunçu, lider zərərsizləşdirilsə, komandanın digər oyunçusu o funksiyanı üzərinə götürüb açıla bilər. Ona görə də bir az həm də taktika döyüşü olan bir oyun olacaq və maraqlı olacaq.

Mən güman edirəm ki, ikinci yarımfinal oyunu birinci yarımfinal oyunundan maraqlı olacaq. Çünki, yenə dediyim kimi, birinci yarımfinal oyununda biz mübarizə görmədik. İspaniyanın aşkar üstünlüyü şəraitində keçirilən oyunda top ancaq ispanlarda qaldı, fransızlar isə meydanda topsuz qaçmağa məcbur oldular. İspaniya onları məcbur elədi. Arzulayaq ki, bu yarımfinal oyununda ən azı mübarizə olacaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən