Qurban Qurbanovun VAR iradları nə dərəcədə haqlıdır? - ŞƏRH
“Hakimlikdə də nə qədər çox elementlər, detallar qoyurlarsa, o qədər çox problem olacaq və danışılacaq. VAR gələndən sonra mübahisə daha da çoxalıb. Baxmayaraq ki, elə qərarlar mövcuddur ki, onların olması vacibdir, amma eləsi də var ki, biri razılaşır, digəri yox, hətta VAR təsdiqləsə belə...”
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Qurban Qurbanovun VAR-la bağlı səsləndirdiyi fikirləri Redaktor.az-a şərh edən idman eksperti Kənan Məstəliyev bildirdi ki, məşqçinin dedikləri müəyyən mənada reallığı əks etdirir:
"Şəxsən mən də VAR sisteminin tətbiqindən tam razı olmayanlardanam. Çünki hesab edirəm ki, VAR-ın tətbiqindən sonra ümumilikdə hakimlik keyfiyyətində müəyyən zəifləmələr müşahidə olunur. Əvvəllər hakimlər verdikləri qərarın bütün məsuliyyətini öz üzərlərində hiss edirdilər. Bilirdilər ki, səhv qərarı sonradan videoya baxaraq düzəltmək imkanı yoxdur. Bu da onları epizodları daha diqqətlə izləməyə, qərarları daha məsuliyyətlə və ölçüb-biçərək verməyə vadar edirdi. Hazırda isə vəziyyət müəyyən qədər dəyişib. Hakimlər bəzən düşünürlər ki, əgər hansısa epizodu gözdən qaçırsalar, VAR otağındakı hakimlər bunu aşkarlayacaq və səhvi düzəldəcəklər. Bu yanaşma isə müəyyən rahatlıq yaradır və nəticədə meydandakı hakimlərin qərarvermə məsuliyyətinə mənfi təsir göstərə bilir".
.jpg)
Ekspert qeyd etdi ki, VAR sisteminin mövcudluğu səhvlərin tamamilə aradan qalxacağı anlamına gəlmir:
"Əksinə, bu sistemin tətbiqindən sonra da kifayət qədər mübahisəli qərarlar verilib. Son dünya çempionatında VAR-la bağlı yeni qaydalar və texnoloji yeniliklər tətbiq olundu ki, bunlar sistemin qərarvermə imkanlarını genişləndirdi. Belə yeniliklərin dünya çempionatı kimi yüksək səviyyəli turnirlərdə tətbiqi müsbət nəticə verə bilər. Lakin eyni standartların Azərbaycan Premyer Liqasında tətbiqi müəyyən çətinliklərlə müşayiət olunur. Bunun əsas səbəbləri istifadə olunan kameraların sayının azlığı, görüntü keyfiyyəti və digər texniki imkanların dünya səviyyəsində olmamasıdır. Məhz bu amillər nəzərə alındıqda, yeni qaydaların yerli çempionatda tətbiqi yanlış qərarların sayını azaltmaq əvəzinə, bəzi hallarda onların artmasına da səbəb ola bilər. Ümumiyyətlə, VAR sistemindən istifadə olunan bir çox ölkələrdə də mübahisəli hakim qərarları davam edir. Hətta bəzi hallarda açıq görünən epizodların belə düzgün qiymətləndirilməməsi "əgər belədirsə, VAR sisteminə nə ehtiyac var?" sualını gündəmə gətirib. Bu baxımdan, Qurban Qurbanovun səsləndirdiyi fikirlərdə müəyyən həqiqət payı var. VAR futbolun inkişafı üçün faydalı texnologiya olsa da, onun effektivliyi yalnız texniki imkanlardan deyil, eyni zamanda hakimlərin peşəkarlığından və sistemi düzgün tətbiq etməsindən asılıdır. Buna görə də onun iradları müəyyən mənada əsaslı görünür".
Xədicə BAXIŞLI













