Prezidentin sərəncamından sonra GÖZLƏNTİ: Uşaq futbolunda yeni dövr başlayır?
Prezident İlham Əliyevin 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə bağlı imzaladığı Sərəncam ölkədə idman ictimaiyyətində böyük maraqla qarşılanıb. Mütəxəssislər hesab edirlər ki, mötəbər yarışın Azərbaycana həvalə olunması təkcə ölkənin beynəlxalq idman nüfuzunun göstəricisi deyil, həm də uşaq futbolunun inkişafı, gənc istedadların üzə çıxarılması və futbol infrastrukturunun daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bəs bu dünya çempionatı Azərbaycanda uşaq futbolunun inkişafına hansı töhfələri verə bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Göydəniz Qəhrəmanov bildirdi ki, bu, ölkəmiz üçün olduqca mötəbər və əlamətdar hadisədir:
"Bu tədbir bir daha göstərir ki, ölkəmizin beynəlxalq nüfuzu ildən-ilə artır. Xüsusilə qeyd etmək istəyirəm ki, ölkə başçısının diqqəti və dəstəyi sayəsində Azərbaycanda idman sahəsi hər il daha da inkişaf edir, genişlənir və idmançılarımız mühüm uğurlara imza atırlar".

Deputatın sözlərinə görə, çempionatın Azərbaycanda keçirilməsi ölkənin imkanlarını dünyaya nümayiş etdirmək baxımından da mühüm fürsət yaradacaq:
"Çünki tədbir dünyanın müxtəlif media qurumları tərəfindən işıqlandırılacaq. Bu isə bizə idman sahəsində əldə etdiyimiz nailiyyətlərlə yanaşı, futbolçularımızı, tariximizi, mədəniyyətimizi, milli mətbəximizi və inkişaf etmiş infrastrukturumuzu beynəlxalq ictimaiyyətə tanıtmaq imkanı yaradır. Bu tədbir ölkəmizin potensialını nümayiş etdirmək üçün çox əhəmiyyətli vasitədir.
Eyni zamanda, bu yarış futbolsevərlərimiz və idmançılarımız üçün də böyük fürsətdir. Yarışın ölkəmizdə keçirilməsi futbolla məşğul olan uşaqlar və yeniyetmələr üçün öz bacarıqlarını nümayiş etdirmək, yüksək səviyyəli beynəlxalq mühitdə təcrübə qazanmaq baxımından əlverişli imkan yaradacaq. Bildiyiniz kimi, futbol Azərbaycanda ən sevilən idman növlərindən biridir. Hesab edirəm ki, belə mötəbər yarışlar gənclərimiz üçün ciddi stimul olacaq və onların idmana marağını daha da artıracaq."*
İdman eksperti Kənan Məstəliyev isə bildirdi ki, 15 yaşadək oğlanlar arasında futbol üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi futbolumuz üçün əlamətdar hadisədir:
"Çünki Azərbaycan futbolçuları indiyədək heç bir yaş qrupunda dünya çempionatının final mərhələsində iştirak etməyiblər. Bu da müəyyən mənada futbolumuzun inkişafını ləngidən amillərdən biridir. Etiraf etməliyik ki, komandalarımız hələ istənilən səviyyədə deyil və məhz buna görə seçmə mərhələni adlayaraq dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilmirlər".
.jpg)
Ekspertin fikrincə, belə bir turnirin Azərbaycanda təşkili gənc futbolçuların inkişafına ciddi təkan verəcək:
"Belə bir dünya çempionatının Azərbaycanda keçirilməsi futbolçularımıza böyük turnirin ab-havasını hiss etmək, yüksək səviyyəli rəqabətdə iştirak etmək, həmin gərginliyi yaşamaq və dəyərli beynəlxalq təcrübə qazanmaq imkanı verəcək. Bu isə yalnız müsbət qiymətləndirilə bilər.
Eyni zamanda, belə bir yarış ölkənin futbol infrastrukturunun inkişafına da müsbət təsir göstərəcək. Bundan əlavə, yeniyetmə və gənc futbolçuların inkişafına ciddi təkan verəcək, uşaq futboluna marağı artıracaq, bu sahəyə cəlb olunanların sayı çoxalacaq və kütləvilik genişlənəcək".
AFFA-nın Məşqçilərin Maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov da mövzu ilə bağlı danışarkən bildirib ki, istənilən beynəlxalq yarışın Azərbaycanda keçirilməsini müsbət qiymətləndirir:

"Açığı, yarışın formatı, təşkilati strukturu və necə keçiriləcəyi barədə hələ ətraflı məlumatım yoxdur. Bu səbəbdən təfərrüatlarla bağlı fikir bildirməyim doğru olmaz. Hazırda bu istiqamətdə geniş informasiya da açıqlanmayıb.
Amma istənilən halda söhbət beynəlxalq yarışdan və ya beynəlxalq tədbirdən gedirsə, bunun müsbət tərəfləri kifayət qədər çoxdur. Belə yarışlar ilk növbədə oyunçuların inkişafına töhfə verir, onların beynəlxalq rəqabət mühitini yaxından görməsinə, yeni təcrübə qazanmasına və peşəkar baxımdan inkişaf etməsinə kömək edir. Mənim üçün belə beynəlxalq tədbirlərin keçirilməsi hər zaman inkişaf, təcrübə və yeni imkanlar deməkdir. Bu baxımdan, bu təşəbbüsü yalnız müsbət qiymətləndirirəm".
Xədicə BAXIŞLI
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusunda dərc olunub.














