FİFA Dünya Çempionatının bir hissəsini özəl investorlara satmağa hazırlaşır
Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino Dünya Çempionatının idarəçiliyində payın özəl investorlara satılması imkanını nəzərdən keçirir.
Redaktor.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Məlumata görə, FİFA turnirin idarəçiliyini ayrıca şirkətə ayırmağı və həmin şirkətin səhmlərinin təxminən 20-30 faizini investorlara satmağı planlaşdırır. Bildirilir ki, artıq ilkin razılaşmalar imzalanıb və mümkün sövdələşmənin dəyəri 19,9 milyard dollar qiymətləndirilir.
Nəşrin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp administrasiyası da bu planlar barədə məlumatlandırılıb.
Məlumata əsasən, Canni İnfantino 2031-ci ildə FİFA prezidenti kimi səlahiyyət müddəti başa çatdıqdan sonra yaradılacaq yeni qurumda komissar vəzifəsini tuta bilər.
Plan çərçivəsində səhmlərin alınması hüququ FİFA-nın 211 üzv assosiasiyasına təklif oluna bilər. Bununla belə, FİFA nəzarət paketini özündə saxlayacaq, özəl investorlar isə azlıq payına sahib olacaqlar.
Financial Times isə sövdələşmədə iştirak edə biləcək mümkün investorun texnologiya sektorunda fəaliyyət göstərən Coşua Kuşner olduğunu yazıb. Nəşrin məlumatına görə, o, layihəyə qoşulmaq üçün danışıqlar aparır.
Xatırladaq ki, bundan əvvəl ABŞ Konqresi Canni İnfantinodan Donald Trampla əlaqələri barədə məlumat təqdim etməsini tələb etmişdi. Konqresin Nümayəndələr Palatasının üzvü Ceymi Raskin İnfantinonun Trampa və onun ətrafına təqdim etdiyi bütün hədiyyə və qiymətli əşyaların siyahısını açıqlamalı olduğunu bildirmişdi.
Xədicə BAXIŞLI













