UEFA Dünya Kubokunu boykot etməyə HAZIRLAŞIR

 11:06 29.07.2026     265

UEFA Dünya Kubokunun boykot edilməsi məsələsini müzakirə etmək üçün təcili iclas keçirəcək.

Redaktor.az xəbər verir ki, "Sky" nəşrinin yaydığı məlumata görə, iclas Avropa futbol federasiyalarının FİFA-nın Dünya Kubokuna ev sahibliyi hüquqlarının bir hissəsini özəl şirkətlərə satmaq planına etiraz etməsindən sonra təşkil olunacaq.

Bildirilib ki, onlayn formatda keçiriləcək iclasda FİFA-nın planı və mümkün boykot məsələsi müzakirə ediləcək. Məlumata görə, bu təşəbbüsün həyata keçirilməsi üçün FİFA-ya üzv olan 211 milli futbol assosiasiyasının sadə səs çoxluğu kifayət edir.

Qeyd olunub ki, Avropa futbol qurumları Dünya Kubokunun uğurunda əsas pay sahibi olduqlarını hesab edir və FİFA-nın planı təsdiqlənəcəyi təqdirdə turniri boykot etmək variantını nəzərdən keçirirlər.

Xatırladaq ki, daha əvvəl "The Telegraph" qəzeti FİFA prezidenti Canni İnfantinonun Dünya Kuboku ilə bağlı kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq niyyətində olduğunu yazmışdı. Məlumata əsasən, təşkilat turnirin idarəçiliyini ayrıca şirkətə ayırmağı və həmin şirkətin səhmlərinin təxminən 20-30 faizini investorlara təklif etməyi planlaşdırır.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən