“Sabah”ın Çempionlar Liqası arzusu gerçəkləşəcək? – “Şans var, amma...”

 17:13 30.07.2026     310

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki komandalar bəlli olub. Azərbaycanın təmsilçisi “Sabah” II mərhələdə Polşanın “Lex” komandasını mübarizədən kənarlaşdırıb. Beləliklə, Azərbaycan çempionu bu raundda Danimarkanın “Orxus” kollektivi ilə qarşılaşacaq.

Bəs maraqlıdır, “Sabah” komandası Çempionlar Liqasında liqa mərhələsinə qədər irəliləyə biləcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan idman eksperti Kənan Məstəliyev bildirdi ki, bu, çətin görünür:

“Çətindir, çünki III təsnifat mərhələsində rəqib Danimarka çempionu “Orxus”dur. “Orxus” çox güclü komandadır. Təslim olmayan, mübariz kollektivdir. Keçən turda ilk oyunda öz meydanında “Lex”ə 1:4 hesabı ilə məğlub olmasına baxmayaraq, cavab görüşündə eyni hesabla qalib gəldi və penaltilər seriyasında mərhələ adladı. Bu da komandanın necə döyüşkən olduğunu göstərir. Üstəlik, onlar ölkə çempionatında illərdir çempion olan “Kopenhagen”i qabaqlayaraq çempion oldular. Necə ki, “Sabah” da eyni cür uğur əldə etmişdi. Çünki illərdir dəyişməyən çempionumuz “Qarabağ”ın Çempionlar Liqası və Avropa Liqasındakı çıxışları səbəbindən əsas diqqəti avrokuboklara yönəlmişdi və “Sabah” da bundan məharətlə istifadə etdi”.

Müsahibimiz qeyd etdi ki, “Orxus”la “Sabah”ın oxşar cəhətləri də var:

“Ümumilikdə isə “Orxus” çox güclü rəqibdir və onu keçmək, təbii ki, çətin olacaq. Amma “Sabah”ın bunu bacarmaq şansı var. Bu mərhələyə qədər gəliblərsə, deməli, “Orxus”la da başabaş mübarizə apara bilərlər. Hətta “Orxus”u keçsələr belə, pley-off mərhələsində onları çox çətin rəqiblər gözləyəcək. Əslində, “Lex” mərhələ adlasaydı, bu, “Sabah” üçün daha sərfəli olardı. Çünki “Lex”in reytinqi daha yüksəkdir və onu keçən “Sabah” pley-off mərhələsində səpələnmişlər sırasında yer alacaqdı. Bu halda rəqiblər də nisbətən zəif olardı. Amma rəqib “Orxus” olduğuna görə, hətta bu komandanı keçsələr belə, pley-offda çox ciddi rəqiblərlə üz-üzə gələcəklər. “Seltik”, “Ayaks”, “Dinamo Zaqreb”, “Srvena Zvezda” kimi Avropanın böyük təcrübəyə malik güclü komandaları var”.

Onun fikrincə, “Sabah”ın bu il Çempionlar Liqasının liqa mərhələsində oynamaq ehtimalı aşağıdır:

“Şans var, amma azdır. Çətin olacaq. Heç kim də “Sabah”dan mütləq Çempionlar Liqasının liqa mərhələsinə düşməsini gözləmir. Çünki komanda bu turnirdə ilk dəfə iştirak edir və debütantdır. Buna görə də “Sabah” “Orxus”u keçərək Avropa Liqasının liqa mərhələsində çıxış etsə belə, bu, artıq böyük uğur hesab olunmalıdır. İnşallah, hər şey istədiyimiz kimi olar”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən