"Günahkar rəqiblər yox, özümüzük!" - Ekspert acı həqiqətləri AÇIQLADI
Bildiyimiz kimi, "Neftçi" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb. "Qarabağ" isə UEFA Avropa Liqasında mübarizəni başa vursa da, Konfrans Liqasında çıxışını davam etdirəcək.
Sizcə, komandalar potensiallarını lazımi səviyyədə ortaya qoya bildilər, yoxsa nümayiş etdirdikləri zəif oyun onların mərhələni keçə bilməməsinə səbəb oldu?
AFFA-nın Məşqçilərin Maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov mövzu ilə bağlı Redaktor.az-a müsahibəsində bildirdi ki, komandaların bu nəticə ilə üzləşməsi öz günahlarıdır:
"Onlar zəif oyun nümayiş etdirdiklərinə görə bu vəziyyətə gəlib çıxıblar. Əgər "Neftçi"ni götürsək, hesab edirəm ki, rəqib meydanında, Bolqarıstanda qalib gəlmələrinə baxmayaraq, oyunun taleyi artıq Bakıda həll olunmuşdu. Yəni Bakıda alınan 4:2 hesablı məğlubiyyət... Əslində, oyun onu göstərmirdi ki, "Neftçi" 4:2 hesabı ilə məğlub olmalı idi. Bu nəticə yalnız və yalnız "Neftçi"nin buraxdığı səhvlərin nəticəsi idi. Məhz buna görə də "Neftçi" bu mərhələni keçə bilmədi. Yəni dolayısı ilə demək olmaz ki, "Dinamo Minsk" dəhşətli dərəcədə güclü komanda idi və "Neftçi"ni bütün parametrlər üzrə açıq-aşkar üstələyirdi. Bunu demək ən azından haqsızlıq olardı".
Ekspertin fikrincə, "Neftçi" kifayət qədər hücum etdi və Bakıda da kifayət qədər qol imkanları var idi, amma bunun öhdəsindən gələ bilmədilər:
"Bu da öz günahları idi. Cavab oyununda da bir qol vurdular və əslində hər şey "Neftçi"nin istədiyi kimi başladı. Amma bunun davamını gətirə bilmədilər. Daha sürətli və daha iti oynamaq, ikinci qolu vurmaq lazım idi. Bunu bacarmadılar. Düzdür, kifayət qədər qol imkanları da yaratmışdılar. Amma bir daha qeyd etmək istəyirəm ki, oyunun taleyi Bakıda həll olundu. "Neftçi" Bakıda 4:2 hesabı ilə məğlub olmamalı idi. O qədər kobud səhvlərə yol verdilər ki, dörd qol buraxdılar. Əgər Bakıdakı oyunda qalib gəlsəydilər, cavab görüşündə heç-heçə belə "Neftçi"yə mərhələni keçmək üçün kifayət edərdi. Üstəlik, Bakıdakı oyunda 2:0 hesabı ilə irəlidə idilər".
Müsahibimizin sözlərinə görə, "Qarabağ"ın da Sofiya təmsilçisinin müqavimətini qıra bilməməsinin əsas günahkarı elə özüdür:
"Yəni bunu Sofiya komandasının dəhşətli dərəcədə güclü oyunu ilə izah etmək olmaz. Onlar daha çox ikili mübarizələrdə qalib gəlməyi sevən, aqressiv oynayan bir kollektiv idilər. Çox yaxşı müdafiə olunurdular, amma keçilməz də deyildilər. Çünki "Qarabağ"ın, ən azı, ikinci hissədə və əlavə vaxtda yüzfaizlik üç qol imkanı var idi ki, bunlardan istifadə edə bilmədilər. Belə imkanları qola çevirə bilmirsinizsə, məğlubiyyət də normal qarşılanmalıdır".
Aslan Kərimov hesab edir ki, bunun səbəblərindən biri də gedən futbolçuların əvəzinə gələn oyunçuların hələ komandanın dinamikasına tam uyğunlaşmamasıdır:
"Onlar uyğunlaşma prosesini tam keçməyiblər və bu da istər-istəməz öz təsirini göstərir. Oyunun müəyyən məqamlarında yeni futbolçularla anlaşmanın tam istənilən səviyyədə olmadığı hiss olunurdu. Amma ümid edirəm ki, heç olmasa Konfrans Liqasında "Qarabağ" üçün bu nəticə xeyirli olar. Bəlkə də Konfrans Liqasında daha böyük uğurlar qazana bilərlər. Qrup mərhələsindən pley-offa yüksələ, hətta orada da daha irəli gedə bilərlər. Çünki Konfrans Liqasında Avropa Liqası və ya Çempionlar Liqası səviyyəsində komandaların sayı nisbətən az olur. Bu baxımdan "Qarabağ"ın həmin turnirdə daha böyük addımlar atmaq şansı var".
Xədicə BAXIŞLI












