Ekspertdən “Qarabağ” - “Dinamo” qarşılaşması ilə bağlı PROQNOZ
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ" "Dinamo" (Kiyev) ilə üz-üzə gələcək. İlk oyunlar avqustun 6-da, cavab görüşləri isə 13-də keçiriləcək.
Redaktor.az-a danışan idman jurnalisti Natiq Muxtarlı qeyd etdi ki, “Qarabağ” üçün ilkin hədəf üçüncü təsnifat mərhələsində “Dinamo"nu məğlub etməkdir:
"“Qarabağ” da asan rəqib deyil. Yəni “Qarabağ” 12 il davamlı Avrokubokların qrup mərhələsində oynamış, Avropada artıq hörmət edilən bir rəqibdir. Bu amilin özü “Qarabağ”ın əleyhinə işləyir. Çünki komandalar “Qarabağ”a qarşı ikiqat əzmlə mübarizə aparırlar. Bunu biz Bolqarıstan komandası ilə oyunda da gördük. Onlar necə mübarizə aparırdılar və sonda necə sevinirdilər bu qələbəyə.
Təsadüfi deyil ki, Bolqarıstan komandasına keçən “ÇSKA Sofiya”nın baş məşqçisi oyundan sonra deyirdi ki, Bolqarıstanda görəsən bilirlərmi, biz necə bir güclü komandaya qalib gəlmişik? Əslində, onu nəinki Bolqarıstanda, heç Azərbaycanda da bilmirlər ki, “Qarabağ” necə bir güclü komandadır və Avropada necə qəbul edilir. “Qarabağ”ı Avropada daha güclü komanda kimi qəbul edirlər, nəinki Azərbaycanda. Bizdə hələ də o qorxu var. Bu da ümumi Azərbaycan futbolunun problemidir".
Həmsöhbətimiz vurğuladı ki, “Qarabağ” gedir, qələbə qazanır, ardından milli komandamız gedir, biabır olur və yaxud “Neftçi” gedir, hansısa bir yarımhəvəskar komandaya uduzur.

""Qarabağ" əvvəlcə “Dinamo”nu keçməlidir və pley-off mərhələsində isə rəqibin hansı komanda olmasının “Qarabağ” üçün heç bir əhəmiyyəti yoxdur. “Qarabağ” böyük təcrübəyə malikdir və mən güman edirəm ki, “Dinamo"nu keçsə, “Qarabağ”ın oyun intizamı və keyfiyyəti bir az da yüksələcək.
Pley-off mərhələsində hansı komandanın bizim üçün rəqib olmasının elə bir əhəmiyyəti olmayacaq. “Dinamo" səddini keçərsə, “Qarabağ” böyük ehtimalla Konfrans Liqasının qrupunda oynayacaq. O vaxta qədər yeni gələnlər də komandaya adaptasiya olacaqlar, xətlərarası əlaqələr inkişaf edəcək, “Qarabağ”ın oyun keyfiyyəti yüksələcək və bundan sonra artıq pley-off mərhələsində hansı rəqib olur-olsun, “Qarabağ” onu keçəcək".
Qeyd edək ki, bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılacaq və Azərbaycan təmsilçisi “Qarabağ”ın da potensial rəqibi bəlli olacaq.
Aytəkin TOFİQQIZI












