Messidən dünya çempionatından sonra möhtəşəm dönüş: 2 qol, 1 assist, yeni rekord
ABŞ-nin “İnter Mayami” klubunun argentinalı ulduzu Lionel Messi 2026-cı il dünya çempionatından sonra klub səviyyəsində ilk qollarını vurub.
Redaktor.az xəbər verir ki, 39 yaşlı hücumçu “Leagues Cup”ın ilk turunda Meksikanın “Atletiko San Luis” komandası ilə qarşılaşmada dubl edib.
“İnter Mayami” rəqibini 4:2 hesabı ilə məğlub edib. Messi 13-cü və 32-ci dəqiqələrdə fərqlənərək komandasının qələbəsində əsas pay sahibi olub. Argentinalı futbolçu qarşılaşmada daha bir məhsuldar ötürmə də edib – Mikaelin 45+7-ci dəqiqədə vurduğu qola assist verib.
Beləliklə, Messi 2026-cı il dünya çempionatından sonra klub səviyyəsində ilk qollarını vurub. O, mundialdan sonra “İnter Mayami”nin “Kolumbus Krü” ilə 2:2 hesablı oyununda meydana çıxmış, lakin həmin qarşılaşmada fərqlənə bilməmişdi.
Messi “Atletiko San Luis”lə görüşdə vurduğu ikinci qolla “Leagues Cup” tarixinin ən məhsuldar futbolçusu adına da yiyələnib. O, turnirdəki qollarının sayını 14-ə çatdıraraq Denis Buanganı geridə qoyub.
Turan ASLAN













