""Qarabağ" bu qarşılaşmada daha diqqətli çıxış etməlidir" - AÇIQLAMA
Bu axşam "Qarabağ" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə ilk oyuna çıxacaq. Polşanın Lublin şəhərindəki "Lublin Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Matçı danimarkalı hakimlər briqadası idarə edəcək.
Oyunun necə keçə biləcəyini Redaktor.az-a şərh edən idman eksperti Fuad Eldarovun sözlərinə görə, Ukraynanın hazırkı vəziyyətinə, siyasi durumuna görə çempionatın əvvəlki illərlə müqayisədə zəiflədiyini düşünənlər var:
"Yaxud da Konfrans Liqasındakı oyunların nisbətən rahat və asan keçəcəyini hesab edənlər də var. Mən onların hamısına demək istəyərdim ki, Konfrans Liqasının istər üçüncü təsnifat mərhələsində, istərsə də pley-off mərhələsində oyunlar elə daha üst liqalarda olduğu kimi çətin və maraqlı keçir.
"Qarabağ" bu qarşılaşmada daha diqqətli və daha optimal vəziyyətdə çıxış etməlidir. Çünki artıq komandamızın səhv etmək şansı, fürsəti yoxdur. Bu oyunda qazanılacaq hər hansı bir məğlubiyyət "Qarabağ"ın Avrokuboklardakı çıxışını dayandıra bilər. Ona görə də "Dinamo" Kiyevlə oyuna tam optimal vəziyyətdə, optimal heyətlə çıxmaq lazımdır".

Müsahibimiz vurğuladı ki, "Qarabağ"ın heyətində yeni futbolçular çoxluq təşkil edir:
"Onların komandaya adaptasiyası, komandadakı çıxışlarını daha yaxşı görmək üçün daha çox oyun keçirmələri lazımdır. Amma mən əminəm ki, Qurban Qurbanovun bununla bağlı da planları var. O, götür-qoy edib ki, hansı futbolçu hansı mövqedə necə oynamalıdır. Ona görə də mən deyərdim ki, oyunun gedişatını indidən təxmin etmək çətindir. Amma hər iki komanda bu oyuna çox ciddi hazırlaşıb. Bayaq dediyim misal elə "Dinamo" Kiyevin özünə də şamil olunur. O da bu oyunda səhv etsə, artıq Avrokuboklarla vidalaşacaq və növbəti mərhələyə bizim komandamız – "Qarabağ" keçəcək.
Ona görə də hər iki komanda çox diqqətli, optimal heyətlə meydana çıxacaq və sürətli əks-hücumlar izləyə bilərik. Çünki müdafiə xarakterli oyunlarda daha çox müdafiə olunduqdan sonra topu ələ keçirən komanda dərhal ya cinahlardan, ya mərkəzdən, ya da hava toplarından istifadə edərək əks-hücuma keçməyi planlaşdırır və hesabı da məhz bu yolla dəyişməyi əvvəlcədən qərarlaşdırır".
Aytəkin TOFİQQIZI













