PSJ yoxsa “Aston Villa”? - Ekspert favoriti AÇIQLADI
Bu gün UEFA Super Kubokunun final matçı keçiriləcək. Tərəflər PSJ və "Aston Villa" olacaq.
Bəs matçın favoriti hansı komandadır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan idman eksperti Kənan Məstəliyev bildirdi ki, UEFA Superkubokunun final matçı çox maraqlı keçəcək:
"Çünki elə komandalar qarşılaşırlar ki, hər iki komanda maraqlı futbol oynamağa çalışır. Yəni oyunu hücumda keçirməyə, pressinqə üstünlük verməyə çalışan komandalardır. Rəngarəng, maraqlı, qarşılıqlı hücumlar şəraitində keçən bir matç izləyəcəyik".
Müsahibimiz qeyd etdi ki, favorit PSJ-dir:
"Luis Enrikenin komandası dünya futbolunun lideridir. Təkcə Avropanın yox, dünya futbolunun lideridir. Dünya futbolunda artıq iki ildir Çempionlar Liqasının qalibidir və son iki ildə onların qarşısına çıxacaq bir komanda yoxdur. Qarşıdakı, hətta minimum bir il ərzində də belə bir komanda görünmür. Çünki Luis Enrike elə bir sistem qurub ki, onun qarşısını almaq çox çətindir. Yəni burada məsələ hansısa taktiki sxemdən getmir. Məsələ komandanın universallığı, futbolçuların oyunun gedişatında müxtəlif tapşırıqların öhdəsindən məharətlə gələ bilmələrindən gedir. PSJ unikal bir komandadır. Çünki burada komanda heyəti oyunun gedişatında taktiki sxemləri çox qısa müddətdə dəyişə bilir. Rəqib də buna adaptasiya olmaqda çətinlik çəkdiyinə görə həmişə çətin vəziyyətdə qalır və əksər hallarda məğlub olur. “Aston Villa” Unai Emerinin rəhbərliyi altında çox böyük uğur qazanıb. Şübhəsiz ki, Avropanın ən güclü komandalarından biridir. Amma sırf bu matçda, PSJ-yə qarşı oyunda düşünürəm ki, komandanın şansı o qədər də böyük deyil. Təbii ki, mübarizə aparacaqlar, maraqlı oyun olacaq. Amma favorit birmənalı şəkildə PSJ-dir və qələbə qazanmağa yaxın tərəf də məhz Fransa təmsilçisidir", - deyə Kənan Məstəliyev yekunlaşdırdı.
Xədicə BAXIŞLI













