"“Sabah” Azərbaycan futbolu adına tarix yazmağa çox yaxındır" - Ekspert
""Sabah" həqiqətən Azərbaycan futbolu adına dünən çox önəmli bir addım atdı. Oynadığı futbolla, nümayiş etdirdiyi oyunla bütün əvvəlki rəqiblərinə qarşı açıq-aşkar üstünlük quran komandamız Danimarka təmsilçisi üzərində də çox önəmli bir qələbə qazandı".
Bu fikirləri Redaktor.az-a "CBC Sport"un aparıcı eksperti Elçin Cəfərov dünən keçirilən Çempionlar Liqasının III tur mərhələsini "Sabah"ın AGF üzərində qələbə qazanmasından danışarkən səsləndirdi.
O qeyd etdi ki, bütün bu oyun planı və strategiya Dambrauskasla bağlıdır:
"Dambrauskasın ötən mövsümün əvvəlində təyinatından sonra oynanılan futbolu və xüsusilə nə oynatmaq istədiyini gördükdə, biz hətta bir il öncə də demişdik ki, bu “Sabah” çox fərqli “Sabah” olacaq. Çünki oyun planında, düsturunda, şablonunda məşqçinin dəst-xətti var. Bugünkü gündə rəqibinə öz oyun planını qəbul etdirən “Sabah”dan bəhs edirik. Oyun içərisində həm taktiki, texniki, həm də mental olaraq komandasını çox yaxşı şəkildə hazırlayan Dambrauskası izləyirik. Xüsusilə oyunun hücum fazasında, meydançanın rəqibə aid olan hissəsində tətbiq edilən basqı, pressinq, qazanılan toplar və oyunu üçüncü fazada qurmaq istəyi, xətlərarası məsafəni çox daraldaraq kompakt oyun – həm müdafiə olunmada, həm də hücumda kompakt oyunu nümayiş etdirərək həqiqətən bir sənət əsəri ortaya qoyur".
Ekspert qeyd etdi ki, debüt mövsümündə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq özü bir tarixi nailiyyətdir:
"Burada, təbii ki, futbolçu, məşqçi və rəhbərlik arasındakı sinerji çox önəmli bir nəticə qazandırır Azərbaycan futboluna, xüsusilə “Sabah” adına. Təbii ki, burada bütün bu detallar önəmlidir. İndi isə pley-off mərhələsidir. Pley-off mərhələsində rəqib İsrail təmsilçisidir. Təbii ki, Danimarka klubuna baxdıqda İsrail klubu daha nizam-intizamlı oynayan, xüsusilə yarımmüdafiədə çox önəmli oyunçu profillərinə malik kollektivdir. Bu oyun şablonunu “Sabah” “Hapoel”ə necə qəbul etdirəcək, bu çox önəmlidir. Məncə, bunun da düsturunu Dambrauskas tapacaq. Yenə də ənənəvi oyun planı... Sadəcə olaraq, artıq burada, belə deyək, son mərhələdir. Təbii ki, futbolçular da əllərindən nə gəlirsə, etməyə çalışacaqlar. Azərbaycan futbolu adına “Qarabağ”dan sonra növbəti tarix yazıla bilər. Odur ki, uğurlar diləyirik".
Müsahibimizin fikrincə, rəqib çətin rəqib olsa da, bunu “Sabah”ın aşmaq potensialı var:
"“Sabah” çox yaxşı futbol oynayır. “Sabah”ın çox yaxşı oyun xətti, oyun düsturu var. Bütün bunları nəzərə aldıqda ümidimiz böyükdür. İnanırıq ki, pley-off mərhələsində də hər iki matçın nəticəsinə əsasən Çempionlar Liqasının liqa mərhələsinə yüksələn kollektiv məhz bizim komandamız olacaq. Uğurlar diləyirəm!".
Xədicə BAXIŞLI













