“Qarabağ”da böyük partlayış baş verməlidir - AÇIQLAMA 

 13:47 13.08.2026     466

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn bütün komandalar bəlli olacaq. Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” da 3-cü mərhələnin cavab matçına çıxacaq. "Qarabağ" Bakıda Kiyev “Dinamo”sunu qəbul edəcək.

Qeyd edək ki,“Qarabağ” səfərdə keçirilən ilk görüşdə rəqibi Kiyev "Dinamo"ya 0:1 hesabı ilə uduzub.

Redaktor.az-a danışan idman jurnalisti Natiq Muxtarlı bildirdi ki, oyun haqqında birmənalı proqnoz vermək ümumiyyətlə mümkün deyil:

"Çünki bizim qarşılaşmada təxminən 300 dəqiqədir, artırılmış dəqiqələri də nəzərə alsaq, 300 dəqiqədən də çoxdur ki, qol vura bilməyən bir “Qarabağ” var. “Qarabağ”ın potensialı böyükdür, bu birmənalıdır. “Qarabağ”ın yeni transferlərinin səviyyəsi hiss olunur. Amma hələlik komanda oyunu “Qarabağ”da yoxdur. Hələlik xətlər arasında əlaqə istənilən səviyyədə deyil. Hələlik daşlar yerinə oturmayıb. “Qarabağ”da nəsil dəyişməsi gedir, yeni oyunçular gəlib və komandanın taktiki sisteminə uyğunlaşmaq üçün onlara vaxt lazımdır. Biz əvvəlki illərdə görmüşdük, 1-2 oyundan sonra bu taktiki sxemə oyunçuların alışması 70-80 faiz hazır olurdu. Amma indi heç 50 faiz civarında da mən bu hazırlığı görmürəm. Ona görə də “Qarabağ” 300 dəqiqədir ki, qol vura bilmir. “Qarabağ” imkanlar yaradır, şanslar yaradır, amma qol vura bilmir. Oyunun 70 faiz hissəsində topu özündə saxlaya bilərsən, amma qol vura bilməyəcəksənsə, bunun heç bir əhəmiyyəti yoxdur. Ona görə də “Dinamo” ilə oyun haqqında da bir söz demək çətindir. “Qarabağ”ın “Dinamo” ilə oyunda qələbə qazanması üçün partlayış olmalıdır. Əslində “Qarabağ”da o partlayış olacaq. Komandanın oyun keyfiyyəti, komandanın heyətindəki oyunçuların ustalıq səviyyəsi hiss olunur. Futbolçuların oyun keyfiyyəti “ÇSKA” ilə oyunda da hiss olunurdu ki, rəqibdən yüksəkdir, “Dinamo” ilə ilk oyunda da hiss olunurdu ki, rəqibdən yüksəkdir. Amma “ÇSKA”ya uduzduq və Avroliqada mərhələni dayandırdıq, “Dinamo” ilə də birinci oyunda uduzduq".

Onun sözlərinə görə, partlayış baş verməlidir:

"Bəs o partlayış nə vaxt baş verəcək? O partlayış məhz Bakıdakı oyunda baş verəcəksə, “Qarabağ” “Dinamo”nu asanlıqla məğlub edəcək. Ondan sonra hər şey ardı gələcək. Ondan sonrakı rəqib “Tvente”dir və o partlayışdan sonra artıq raket hərəkətə başlayacaq və ondan sonra onun qarşısını almaq mümkün olmayacaq. Yəni ondan sonra “Qarabağ” “Tvente”ni də udacaq.

Növbəti mərhələdə “Qarabağ” Konfrans Liqasının qrupuna düşəcək. Amma o partlayış Bakıda baş verməsə, “Qarabağ” mübarizəni dayandıracaq və biz artıq çempionatı gözləməli olacağıq. Bu komanda turdan-tura, oyundan-oyuna öz oyun keyfiyyətini artıracaq və biz artıq ümid bəsləyəcəyik ki, növbəti yayda biz avrokuboklarda yenə əvvəlki “Qarabağ”ı görək.

Ona görə də “Dinamo” ilə oyunda ilk növbədə “Qarabağ” qol vurmalıdır, 300 dəqiqəlik o qol orucunu pozmalıdır. Bir qol vurulsa, “Qarabağ” o bir qolla kifayətlənməyəcək. İkinci qol gələcək, üçüncü qol gələcək. O partlayış o qolları gətirəcək. Amma bunu hər oyun biz gözləmişik. “ÇSKA” ilə Bakıdakı oyunda qol vurulmayandan sonra, sözün düzü, mən inanardım ki, səfərdə bu olacaq, o olmadı. Ondan sonra inandım ki, “Dinamo” ilə səfər oyununda baş verəcək, o olmadı. Ona görə də əminliklə deyə bilmərəm ki, Bakıda bu partlayış baş verəcək. Amma o partlayış mütləq olmalıdır. O partlayış olmasa, “Qarabağ” mərhələni keçə bilməyəcək. Ona görə də ümid edək ki, Bakıda o partlayış olacaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən